Alimlər ekstremal temperaturda güclü strukturunu saxlaya bilən yüksək entropiyaya malik metal hazırlayıblar.
Elchi.az xəbər verir ki, Cənubi Koreyanın Pohang Elm və Texnologiya Universitetinin (POSTECH) tədqiqat qrupu -196 dərəcə ilə 600 dərəcə arasında həm elastiklik, həm də möhkəmlik saxlaya bilən yeni metal hazırlayıb. Tədqiqat Dəmir Texnologiyası İnstitutunun Materialşünaslıq və Mühəndislik Departamenti və Maşınqayırma Departamenti ilə əməkdaşlıqda həyata keçirilib. “Yüksək entropiyalı ərinti” kimi təsvir edilən metal nikel əsaslı tərkibdən istifadə etməklə istehsal edilmişdir. Komanda bu yenilikçi material üçün “Hyperadapter” adlandırdıqları konsepsiya hazırlayıb. Ənənəvi metallar tez-tez temperatur dəyişikliklərinə həssas olsalar da, bu yeni ərinti sabit mexaniki xassələri -196 dərəcə kimi kriogen temperaturdan 600 dərəcə kimi yüksək temperaturlara qədər saxlaya bilir.
Pohang Elm və Texnologiya Universitetinin Mexanika Mühəndisliyi Departamentindən professor Hyoung Seop Kim qeyd etdi ki, onların hazırladıqları yüksək entropiyalı ərinti mövcud ərintilərin temperatur müqaviməti həddini keçib. “Bu yeni ərinti ekstremal şəraitdə belə sabit mexaniki davranış nümayiş etdirən yeni nəsil materialların inkişafında mühüm addımdır. “Hiperadapter” konsepsiyası temperatura həssas olmayan material dizaynında yeni era açır”, – Kim deyib.
Bildirilib ki, yeni hazırlanmış bu ərinti xüsusilə raket və reaktiv mühərriklər, avtomobillərin egzoz sistemləri, elektrik stansiyalarının turbinləri və boru kəmərləri kimi sahələrdə əhəmiyyətli potensiala malikdir.
Şayəstə Hüseynova