Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib.
Bu barədə Elchi.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, “Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda keçirilən tədbirə Sumqayıt Regional Mərkəzinin aidiyyəti struktur bölmələri, Xızı Rayon İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, Fövqəladə Hallar Komissiyası, ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti cəlb olunub. Məşqə Xızı rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin 13 ədəd texnika və 87 nəfər şəxsi heyəti cəlb olunub.
Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
Tədbir zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.