image-148950120_1747929855379785_4144877479126451306_nbackend

SSRİ niyə dağıldı?

1962-ci il noyabrın 29-da Kommunist partiyasının Siyasi Bürosunun iclası olur. Burada Mərkəzi Komitənin katibi Aleksandr Şelepin çıxış edir (keçid şərhdə). Həmin çıxışdan aşağıdakı hissə SSRİ-nin niyə dağılmasının səbəbini çox aydın göstərir:
“Çoxlu suallar yaranır, eləcə də məhsulun keyfiyyətilə bağlı. Bir çox göstəricilər baxımından bizim planlaşdırma sistemi köhnəlib, xüsusən yüngül sənaye müəssisələrində. İndi bizdə, məsələn, anbarlarda 3 milyard rublluq tikiş məhsulları yatır, satılmır, çünki fasonu köhnəlib, yaramırlar. Bu barədə “Pravda” və “İzvestiya” qəzetlərində də yazılıb. Burada hər şey həcmlə gedir: məsələn, çəkmələr, fasonla deyil, çəki ilə, əgər altlığı qalındırsa, deməli, müəssisə üçün yaxşıdır. Mən bilmirəm, necə yanaşma sərgiləyək. Bu çox böyük və çətin mövzudur. Mən onu müzakirə üçün irəli sürürəm. Ola bilər, bir neçə komissiya yaratmaq lazımdır, ola bilər, Dövlət plan komitəsinə tapşırılsın ki, düşünsünlər və öz təkliflərini səsləndirsinlər, çünki bu, həm də məhsulun keyfiyyətilə bağlıdır, amma dəyişikliklər etmək lazımdır. Konkret necə, mən indi bilmirəm, nə təklif edim…”
Kosmosa raket göndərən, nüvə silahına, ballistik raketlərə, atom buzqıran gəmilərinə malik olan dövlət istehsal etdiyi ayaqqabıları necə satacağını bilmir. Həm də bu təkcə ayaqqabılara aid deyil, demək olar ki, bütün yüngül sənaye məhsulları belə idi. Mərkəzi komitənin katibi də deyir, bilmirəm nə etmək lazımdır, bəlkə bir neçə (!) komissiya yaradaq? Siyasi büro, nazirlər kabineti də bilmir. SSRİ dağılana qədər də bilmədilər. Bütün yüngül sənaye ziyanla işlədi. Məhsulun satılmasını özünə dərd etməyən müəssisələr sadəcə kəmiyyətə üstünlük verib plan doldururdular. Hətta məhsulu satılan müəssisələrin (qida sənayesi, məsələn) də rentabelliyi aşağı idi, çünki 20 işçi əvəzinə 100 nəfər işləyirdi. SSRİ-də işsizlik olmamalı idi axı.
Həmin keçiddə Xruşşovun çıxışı verilən hisssələr isə sovet iqtisadiyyatı ilə müqayisədə azad sahibkarlığın nə qədər çevik olduğunun açıq etirafıdır.
P.S. Şelepin 1964-cü ildə Xruşşovu devirib Brejnevin hakimiyyətə gətirilməsində əsas rol oynadı. Amma “gözü çıxarılan qardaşı”ndan ibrət götürən Brejnev Şelepinin nadincliyindən qorxub üç il sonra hakimiyyət Olimpindən uzaqlaşdırdı. O, 1994-cü ildə vəfat edəndə SSRİ artıq yox idi.
Yadigar Sadıqlı
image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki