image-7777backend

Naxçıvanda doğuldu, Osmanlı imperiyasının ən məşhur şəxsi oldu

Naxçıvanda doğulan, Osmanlı imperiyasında şeyxülislam vəzifəsinə yüksələn, sultan Dəli İbrahimin devrilməsinə fitva verən Hənəfi Mehmed Əfəndi.
Onun doğum tarixi məlum deyil, amma Naxçıvanda doğulduğu və bir müddət burada dini təhsil aldığı bilinir. Daha sonra İstanbula yola düşüb və təhsilini davam etdirib. Dini karyerasına mülazim (stajçı) kimi başladı.
1625-ci ildə Tekirdağda yerləşən, Kanuni Sultan Süleymanın damadı Rüstəm paşanın adını daşıyan mədrəsəyə müdərris təyin edildi. Qısa müddət sonra İstanbula döndü, burada bir sıra mədrəsələrdə dərs dedi, 1630-cu illərin əvvəllərində Ədirnədə Bəyazid, daha sonra da memar Sinanın tikdiyi məşhur Səlimiyyə məscidinin nəzdindəki mədrəsədə çalışdı.
Hənəfi Mehmed Əfəndi 1634-cü ildə qazi vəzifəsinə yüksəlir və 1638-ci ilə qədər Mədinə qazisi vəzifəsini daşıyır. 1641-1647-ci illərdə əvvəlcə Misir, sonra da Ədirnə qazisi, 1648-ci ildə Anadolu qazəsgəri olur.
Bu dövrdə “Dəli” ləqəbli sultan İbrahimin hökmdarlığı Osmanlı dövlətinin vəziyyətini ağırlaşdırmışdı. 1648-ci il avqustun 7-də nüfuzlu din xadimləri toplaşaraq gedişata müdaxilə etmək qərarına gəldilər. Verilən fitvalar əsasında həm sultan, həm də sədrəzəm Tezkereçi Əhməd paşa devrildilər və öldürüldülər. Bu hadisələrdə önəmli rol oynayan üləmalardan biri də Hənəfi Mehmed Əfəndi oldu.
1651-ci ildə Osmanlı dövlətinin tarixində başqa əhəmiyyətli hadisələr baş verir. Sultan IV Mehmetin anası, “validə sultan” Xədicə Turxan sultan və nənəsi, “böyük validə” Mahpeykər Kösəm sultan arasında gedən mübarizə biincinin qələbəsi, ikincinin isə boğularaq öldürülməsi ilə yekunlaşdı.
Kösəm sultanın ölümündən bir gün sonra onun tərəfdarı kimi tanınan şeyxülislam Qaraçələbizadə Əbdüləzim əfəndi vəzifəsindən çıxarıldı. Yeni şeyxülislamın kim olması müzakirə olunarkən sədrəzəm Siyavuş paşa Hənəfi Mehmed Əfəndinin namizədliyini irəli sürdü və bu təklif təsdiqləndi.
Amma o zaman da Osmanlı dövlətində qarışıq, “həngaməli” dövr idi. Sultanın cəmi 9 yaşı vardı, bundan istifadə edən müxtəlif qruplar hegemonluq uğrunda mübarizə aparırdılar. Nəticədə Hənəfi Mehmed Əfəndi şeyxülislam məqamına otura bilmədi, elə həmin gün Əbusəid Mehmed Əfəndinin tərəfdarları güclü çıxdılar və onu şeyxülislam etdilər. Hənəfi Mehmed Əfəndi isə Rumeli qazəsgəri oldu.
Bununla belə, Hanefi Mehmed sözügedən hadisələrdən 5 il sonra, 1656-cı il iyulun 17-də şeyxülislam vəzifəsinə gətirildi. Lakin artıq yaşlı olduğundan və tədricən eşitmə qabiliyyətini itirdiyindən bu vəzifədə cəmi 4 ay 5 gün qaldı və oktyabrın 21-də istefa etdi.
Hənəfi Mehmed Əfəndi 1658-cil oktyabrın 1-də İstanbulda vəfat etdi və Eyüp sultan cami məzarlığında (şəkildəki) yaxınlığında, Kipr fatehi Lələ Mustafa Paşanın məzarının arxasında dəfn edildi. Təəssüf ki, məzarı günümüzə gəlib çatmayıb.
Yadigar Sadıqlı
image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki