1977-ci ilin son günlərində ABŞ prezidenti Cimmi Karter və xanımı Rozalin, dövlət katibi Sayrus Vens, milli təhlükəsizlik üzrə prezident müşaviri Zbiqnev Bjezinski və başqalarından ibarət sanballı heyət İrana səfər etdi.
Məhəmməd Rza şah Pəhləvi Tehranın şimalında yerləşən Niavaran sarayında qonaqların şərəfinə ziyafər verdi. Bu ziyafətdə çıxış edən Karter İranı olduqca gərgin regionda “sabitlik adası”, Məhəmməd Rzanı isə “iranlıların sevimli şahı” adlandırdı.
Karter İrandan gedəndən bir neçə gün sonra, yanvarın 7-də “Ettelaat” qəzetində “İran və qırmızı-qara müstəmləkəçilik” adlı məqalə çap olundu. Məqalədə şahın qatı düşməni, İraqda sürgün həyatı yaşayan ayətullah Xomeyni haqqında təhqirlər yer alırdı.
Şəxsiyyəti indi də məlum olmayan müəllifin şaha bu “ayı xidməti”ndən bir gün sonra Qum şəhərinin mədrəsə tələbələri etiraz aksiyası keçirdilər. Bununla da “sabitlik adasında” sabitlik pozuldu, gah səngiyən, gah şiddətlənən etirazlar 13 ay davam etdi, sonda “sevimli şah” İrandan qaçdı və monarxiya devrildi.
Karterin həmin çıxışı isə bəsirətsizlik nümunəsinə çevrildi.
Yadigar Sadıqlı