image-download-53backend

Qəzzanın gələcəyi: qeyri-müəyyənlik və çəkişmə

Qəzzada müharibədən sonrakı yenidənqurma işləri ilə bağlı qeyri-müəyyənlik davam etdikcə, bölgədəki humanitar böhran daha da pisləşməkdə davam edir. Ərəb ölkələri Trampın təklifinə alternativ təqdim etməyi planlaşdırır.
Elchi.az  xəbər verir ki, İsrailin müdafiə naziri Yoav Gallant Qəzzada yaşayan fələstinliləri üçüncü ölkələrə “könüllü” miqrasiya etməyə təşviq etmək üçün yeni hökumət qurumunun yaradılmasına göstəriş verib. İsrail Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, sözügedən bölmə nazirliyin tərkibində fəaliyyət göstərəcək və prosesi asanlaşdırmaq üçün çalışacaq.
“Plana Qəzzanı könüllü olaraq tərk etmək istəyən hər bir fələstinliyə dəstək paketləri təqdim edilməsi daxildir. Bu çərçivədə dəniz, hava və quru yolu ilə xüsusi çıxış tənzimləmələri həyata keçiriləcək”, – nazirliyin açıqlamasında bildirilir.
Bu addım ABŞ prezidenti Donald Trampın Qəzza əhalisini qonşu ölkələrə yerləşdirmək planını xatırladır. İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Katz Trampın təklifini dəstəklədiklərini, Fələstin rəsmiləri və ərəb liderləri isə bu təşəbbüsü pisləyiblər. Tənqidçilər bu planın etnik təmizləməyə bərabər ola biləcəyini iddia edirlər.
Ərəb ölkələri alternativ planlar axtarırlar
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və Misir rəsmilərinin Qəzzanın gələcəyi ilə bağlı plan hazırlamaq üçün bu ay görüşməyi planlaşdırdığı bildirilir. Ərəb ölkələri Trampın təklifinə alternativ təqdim etməyi planlaşdırır.
ABŞ-lı Demokrat senator Riçard Blumental İsrailə səfərindən sonra verdiyi açıqlamada, İordaniya kralı II Abdullahın ona ərəb ölkələrinin İsraillə normallaşma, fələstinlilərin öz müqəddəratını təyin etmə, regional müdafiə tənzimləmələri və İsrailin təhlükəsizliyini ehtiva edən bir plan təqdim edəcəklərini söylədiklərini bildirib.
Qəzzanın gələcəyi ilə bağlı indiyə qədər 4 fərqli planın hazırlandığı bildirilərkən, ərəb ölkələri arasında Misirin təqdim etdiyi təklifin önə çıxdığı bildirilib. Reuters ərəb hökumət rəsmisinə istinadən xəbər verir ki, Misirin təklifinə Qəzzanı idarə etmək üçün milli Fələstin komitəsinin yaradılması, beynəlxalq iştirakla yenidənqurma işlərinin aparılması və iki dövlət həlli istiqamətində addımların atılması daxildir. HƏMAS-ın bu idarədə iştirak etməyəcəyi nəzərdə tutulur.
Ningxia Universitetinin Çin-Ərəb Araşdırmaları İnstitutundan prof. Niu Sinçun Çin dövlət mediasına bildirib ki, Misirin təklifi HƏMAS və FƏTH-i istisna edən texnokratik hökumətin yaradılmasını və regionda təhlükəsizliyi təmin etmək üçün ərəb sülhməramlı qüvvələrinin yaradılmasını ehtiva edir. Niu Misirin İsraildən başqa Qəzza ilə sərhədi olan yeganə ölkə olduğunu və bu səbəbdən Misirin təklifinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Qəzza və İordan çayının qərb sahilində humanitar böhran dərinləşir
Digər tərəfdən, Qəzzada müharibədən sonrakı yenidənqurma prosesinin qeyri-müəyyənliyi davam edərkən, bölgədə humanitar böhran getdikcə ağırlaşır. Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi (OCHA) bazar ertəsi günü Qəzzada humanitar ehtiyacların böyük səviyyəyə çatdığını və təcili dəstəyə ehtiyac olduğunu bildirib.
Fələstin Səhiyyə Nazirliyi Qəzzadakı xəstəxanaların təcili, cərrahi və reanimasiya şöbələrinin fəaliyyətini davam etdirmək üçün oksigen təchizatına ciddi ehtiyac duyduğunu bildirib. Bildirilib ki, Əl-Şifa və Əl Rantisi xəstəxanaları da daxil olmaqla, bir çox səhiyyə müəssisələrində generatorlar, ehtiyat hissələri və oksigen istehsalı avadanlıqları yoxdur.
Yanvarın 21-dən bəri İordan çayının qərb sahilində davam edən İsrail hərbi əməliyyatlarının yüksək itkilərə və ciddi yerdəyişmələrə səbəb olduğu qeyd edilib.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki