6 oktyabr 1981-ci il Qahirədə keçirilən hərbi parad zamanı islamçı zabitlərin sui-qəsdi nəticəsində Misir prezidenti Ənvər Sadat öldürülür.
1973-cü il oktyabrın 6-da Misir və Suriya İsrailə qarşı hərbi əməliyyatlara başladılar. Qəfil yaxalanan İsrail ilk döyüşlərdə bir sıra məğlubiyyətlərlə və ağır itkilərlə üzləşsə də, sonda qalib gəldi. Amma Altıgünlük müharibədəki alçaldıcı məğlubiyyətdən fərqli olaraq, misirlilər indi daha şərəflə uduzmuşdular. Buna görə də hər il 6 oktyabrda hərbi parad keçirilirdi.
Məşhər günü və ya Yom-Kippur və ya müsəlman ölkələrində Ramazan savaşı adlanan 1973-cü il müharibəsindən sonra Ənvər Sadat İsraillə münasibətləri yumşaltmaq üçün bir sıra addımlar atdı. O, 1977-ci ildə İsrailə səfər edən ilk müsəlman dövlət başçısı oldu. Parlamentdə çıxış edən Sadat Fələstin probleminin həll edilməsi yollarından danışdı.
Birləşmiş Ştatların vasitəçiliyi ilə Misir və İsrail arasında 1978-ci ildə Kemp-Deviddə əldə olunan razılaşmalardan sonra iki ölkə 1979-cu ilin martında sülh müqaviləsi imzaladı. Bu müqavilənin əsas müddəaları Misirin İsraili tanıması, İsrailin Altıgünlük müharibədən sonra işğal etdiyi Sinay yarımadasını 3 il müddətinə Misirə qaytarması və Fələstin xalqının özünüidarə hüququnu tanıması oldu.
Ənvər Sadatın bu addımı ərəb dünyasında kəskin reaksiya doğurdu. Cəmi 10 il əvvəl, Camal Əbdül Nasirin zamanında ərəb dünyasının liderliyinə iddialı olan Misir indi izqoy dövlətə çevrildi, Ərəb Dövlətləri Liqasından qovuldu, diplomatik münasibətlər kəsildi. Maraqlıdır ki, Misiri qınayanlar arasında Altıgünlük və Məşhər günü savaşlarında əlini ağdan-qaraya vurmayan ərəb ölkələri də vardı.
Ölkə daxilindəki fundamentalist qüvvələr də Sadatın İsrail siyasətindən narazı idilər. “al-Jama’a al-Islamiyya” təşkilatı belə narazılardan bir qrupunun birləşdiyi təşkilat idi. Onun üzvləri arasında hərbçilər də vardı.
Məşhər günü savaşının 8-ci ildönümünə həsr olunan parad zamanı təhlükəsizlik məqsədilə hərbçilərdə döyüş sursatı olmamalı idi. Amma leytenant Xalid əl-İslambulinin rəhbərlik etdiyi qrup hansısa yolla keçirə bilmişdi. Onların avtomobili hökumət tribunasının önündən keçəndə düşərək tribunaya tərəf qaçmağa başladılar. Ehtimal olunur ki, Sadat hərbçilərin ona hərbi salam verəcəklərini düşünərək ayağa qalxır və asan hədəfə çevrilir.
Açılan atəş nəticəsində Sadat ağır yaralandı və bir neçə saat sonra xəstəxanada vəfat etdi. Daha 10 nəfər də həlak oldu, vitse-prezident Hüsnü Mübarək və daha 27 nəfər yaralandı. Hücum edənlərdən biri öldürüldü, üçü isə həbs edildi. Onlar 1982-ci aprelin 15-də edam olundular.
Yadigar Sadıqlı