İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Tramp administrasiyası ilə tarixi fürsətdən istifadə etdiklərini bildirib.
Elchi.az xəbər verir ki, Nazirlər Kabinetinin iclasında çıxış edən Netanyahu ABŞ dövlət katibi Marko Rubionun İsrailə səfərini xatırladıb və onun ABŞ-ın yeni administrasiyası ilə münasibətlərinin əvvəlki administrasiyadan qat-qat yaxşı olduğunu bildirib.
Netanyahu ABŞ-İsrail əməkdaşlığının əhəmiyyətinə və ələ keçirdikləri “tarixi fürsətə” işarə edərək, “Bu, İsrailin qurulduğu gündən bəri içində olmadığı bir vəziyyətdir. Həm təhdidləri aradan qaldıracaq, həm də əslində təsəvvür etmədiyimiz fürsətləri gətirəcək belə bir fürsət, belə bir ortaqlıq və potensial yox idi” deyib.
“Məhkumları azad etmək, HƏMAS-ı aradan qaldırmaq və Qəzzanın artıq İsrail üçün təhlükə yaratmamasını təmin etmək” üçün ABŞ ilə tam koordinasiyada olduqlarını qeyd edən Netanyahu, “İsrail və xalqının gələcəyi ilə bağlı bütün böyük vədləri həyata keçirmək üçün ABŞ ilə əməkdaşlıq edirik” dedi.
Netanyahu ABŞ-la ortaq bir strategiyaya sahib olduqlarını, ABŞ prezidenti Trampın Qəzza ilə bağlı fikirlərinin onun üçün sürpriz olmadığını və bunu əvvəllər onunla müzakirə etdiklərini iddia edib.
İsrail baş naziri mövzu ilə bağlı bütün təfərrüatları verə bilməyəcəyini bildirib.
Trampın sözlərinə toxunan Netanyahu, bütün əsirlərin azad edilmədiyi təqdirdə “cəhənnəm qapılarının nə vaxt və necə açılacağı” mövzusunda ABŞ ilə ortaq bir strategiya ilə hərəkət etdiklərini müdafiə etdi.
Şayəstə Hüseynova