Kino Sənətləri və Elmləri Akademiyası süni intellektdən istifadə etməklə yaradılmış filmlərin də “Oskar” mükafatına namizəd ola biləcəyini açıqlayıb.
Elchi.az xəbər verir ki, akademiyanın rəsmi saytında verilən açıqlamaya görə, bu ildən qüvvədə olacaq yeni mükafat qaydaları paylaşılıb.
Müvafiq olaraq, yaradıcılıq prosesində süni intellektdən istifadə edən prodakşnlar da müəyyən şərtlərə əməl etsələr, “Oskar” uğrunda yarışa biləcəklər. Digər tərəfdən, münsiflər heyətinin üzvləri qalib filmləri seçərkən “filmin hazırlanmasında insanların nə dərəcədə rol oynadığını” nəzərə alacaqlar. Qaydalar həmçinin münsiflər heyəti üzvlərindən final turunda səs vermək hüququna malik olmaq üçün bütün nominasiya edilmiş filmlərə baxmağı tələb edirdi.
Qeyd edək ki, bu il 97-ci dəfə keçirilən “Oskar” mükafatlandırma mərasimində “Ən yaxşı operator işi” və “Ən yaxşı kişi rolu” mükafatlarını qazanan “The Brutalist” filmi süni intellektdən istifadə etdiyi üçün böyük əks-səda doğurub.
Hollivud aktyorları və ssenaristləri də 2023-cü ildə süni intellektə qarşı iş təhlükəsizliyinə dair danışıqların nəticəsiz qalmasından sonra tətilə çıxıblar.
Yeganə