image-xankendibackend

Rusiyadan idarə edilən  şok Qarabağ planı: “Putin Köçəryanı qəbul etmədi “

“Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində Köçəryanın simasında birabırçı məğlubiyyətə uğrayan Rusiyadakı erməni daşnak diasporunun son ümid yeri Xankəndidir”.

Alpaz xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Moskvada yaşayan siyasi ekspert Fərid Əkbərov deyib.

O bildirib ki, Xankəndində Araik Arutyunyan əleyhinə aksiyaların arxasında məhz Rusiyadakı erməni lobbisi dayanır:

“Ermənistanı Paşinyana uduzan Rusiyadakı erməni diasporu, erməni əsilli oliqarxlar gözlərini Xankəndinə dikiblər. Xankəndindəki aksiyaların arxasında məhz onlar dayanırlar. Araik Arutyunyanın Paşinyanın adamı olması heç kəsə sirr deyil. Seçki günü Araikin Paşinyanın seçki qərargahında görüntülənməsinin Rusiyadakı erməni propoaqandistlər tərəfindən etiraz və istehza ilə qarşılanması diqqətdən qaçırılmamalıdır. Rusiyadakı erməni lobbisi Araikin yerinə Paşinyandan asılı olmayan, daha doğrusu Paşinyana nifrət edən birisini gətirməyə çalışır. Onların planı bundan ibarətdir. Çoxları bunun Vitali Balasanyan olduğunu düşünür. Lakin düşünürəm ki, Balasanyan siyasi fiqur deyil. Ona görə də, erməni lobbisinin hədəfi Xankəndində Araiki Köçəryanla əvəz etməkdir. Qarabağdakı erməni sepratçılığının əsasını qoyan Köçəryanı yenidən Xankəndindəki ermənilərin lideri mövqeyinə gətirməklə Rusiyadakı erməni lobbisi Qarabağ xülyasından əl çəkməyəcəklərini hər vəchlə sübut etməyə çalışırlar. Ona görə də, hesab edirəm ki, Xankəndində Araik Arutyunyan əleyhinə aksiyaların arxasında məhz Rusiyadakı erməni lobbisi dayanır.

Rusiyadakı erməni lobbisi növbədənkənar parlament seçkiləri ərəfəsində Kremlin mövqeyinə bütün yollarla təsir etməyə çalışdı. Robert Köçəryani Moskvaya dəvət elədilər, dövlət KİV-lərində onunla müsahibələr təşkil olundu. Hətta Rusiya prezidenti Vladimir Putinlə əyani görüşünü belə təşkil etməyə çalışdılar. Lakin Putin Köçəryanla üzbəüz görüşmədi. Köçəryanın təbliğatını aparan erməni və ermənipərəst Rusiya mediası Putinin Köçəryanla telefon söhbəti apardığı məlumatını yaydı. Burada onu da qeyd etmək vacibdir ki, seçkilər dövründə Putinin Köçəryanla telefon danışığı aparması ilə bağlı xəbər rəsmi Moskva tərəfindən təsdiqlənmədi. Kremlin rəsmi məlumatlarında bu barədə bir cümlə belə xəbər yayımlanmadı.

Hesab edirəm ki, seçkilərdə Kremlin Köçəryanı dəstəkləməsi ilə bağlı irəli sürülən fikirlər, proqnozlar yanlış idi. Bəli, Rusiyadakı erməni lobbisi rəsmi Moskvaya Köçəryanı dəstəkləmək üçün çox təsir etmişdi. Lakin Kreml bu məsələdə erməni lobbisinin deyil, rəsmi Bakının mövqeyini nəzərə almışdı. Çünki Azərbaycan Prezidenti İlham Əliyev hələ seçkilərdən çox öncə işğaldan azad olunan torpaqlara səfərləri zamanı Moskvaya Köçəryanı dəstəkləmək fikrindən yayınması barədə xəbərdarlığını etmişdi. Prezidentin “Paşinyan kimdir ki, biz Köçəryanı, Sarkisyanı məğlub etdik” bəyanatını səsləndirməsi məhz Kremlə mesaj idi. Prezident İlham Əliyev bununla Moskvaya demək istəyirdi ki, Köçəryanın artıq Ermənistan prezidenti kimi, tərəf müqabili kimi onunla danışıqlarda mümkün deyil. Köçəryan müharibə cəlladıdır, Qarabağdakı separatizmin əsas səbəbkarlarından biridir, onu siyasi fiqur kimi diriltməməyi, diriltsə belə, yüksək səviyyədə açıq şəkildə dəstəkləməməyi Bakı Moskva qarşısında şərt qoymuşdu. Hadisələrin gedişatı da onu göstərir ki, rəsmi Moskva, Kreml Bakının bu şərtini yerinə yetirmiş oldu.

Təbii ki, Rusiyadakı ermənipərəst qüvvələri hazırki vəziyyət qanə etmir. Onlar hər vəchlə Kremlə təsir etməyə çalışırlar. İndi də Rusiya sülhməranlılarının nəzarəti altında olan Xankəndində aranı qarışdırmağı, separatçılığı yenidən körükləməyi planlaşdırırlar. Rusiyadakı erməni lobbisi Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmaması üçün bütün yollara əl atacaq. Köçəryanı Xankəndində diriltmək də məhz bu planın tərkib hissəsidir və bu erməni lobbisinin son ümid yeridir”.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki