Qara dənizin üzərində NATO-nun kəşfiyyat təyyarəsi ilə Rusiyaya məxsus sərnişin təyyarəsi arasında toqquşma təhlükəsi yaranıb.Alp.az xəbər verir ki, təyyarələr arasında məsafə cəmi 20 metr olub, sərnişin təyyarəsi toqquşmadan yayınmaq üçün hündürlüyü kəskin azaldıb.
İnsident iki gün əvvəl, dekabrın 3-də baş verib, “Rosaviasiya” əvvəlcə bu xəbərlərə şərh verməyib. Lakin dünən axşam bəyanat yayaraq hadisənin təfərrüatlarını açıqlayıb.
Bildirilir ki, “Aeroflot” şirkətinin “Airbus” təyyarəsi Təl-Əviv-Moskva reysini yerinə yetirərkən Qara dənizin üzərində toqquşma riski ilə üzləşib. Həmin vaxt NATO-nun iki kəşfiyyat təyyarəsi Qara dənizin üzərində uçuşlar keçirirdi və bu vaxt təyyarələrdən biri nəzərdə tutulmuş yüksəklikdən aşağı enərək sərnişin təyyarəsi üçün nəzərdə tutulmuş hava yolunu kəsib. Sərnişin təyyarəsində qəza siqnalizasiyası işə düşüb, dispetçerlər heyətə hündürlüyü 500 metr azaltmaq göstərişi veriblər. FlightRadar portalının məlumatlarına əsasən sərnişin təyyarəsi Türkiyə ilə Tuapse şəhərləri arasında uçarkən hündürlüyü kəskin-1000 metr azaldıb.
“Rosaviasiya” bu insidenti təsdiqləyərək bildirib ki, “Aeroflot” şirkətinə məxsus A3300-300 sərnişin təyyarəsi NATO kəşfiyyat təyyarəsinə görə hündürlüyünü kəskin dəyişməli olub. “Rosaviasiya” NATO kəşfiyyat təyyarələrinin Rusiya sərhədləri yaxınlığında intensiv uçuşlarına görə etiraz bildirəcəyini açıqlayıb.
Bildirilir ki, dekabrın 3-də saat 9.53-də baş vermiş insident zamanı Maltada qeydiyyatdan keçmiş Bombardier CL600 kəşfiyyat təyyarəsi sərnişin təyyarəsi üçün ayrılmış hava dəhlizini kəsib. “Qara dənizin üzərində, Rusiyanın hava nəzarəti orqanlarının məsuliyyət zonasında NATO-nun kəşfiyyat təyyarəsi 11 min metr yüksəklikdə uçuş keçirərkən yüksəkliyi 9200 metrə endirib və mülki hava gəmiləri üçün nəzərdə tutulmuş marşrutu kəsib. Kəşfiyyat təyyarəsinin heyəti onlarla əlaqə yaratmaq üçün göstərilən cəhdlərin heç birinə cavab verməyib”, – məlumatda deyilir.
İnsidenti “Aeroflot” da təsdiq edib və bildirib ki, dispetçerin göstərişi ilə sərnişin təyyarəsi toqquşmadan qaçmaq üçün yüksəkliyi azaltmalı olub. Həmin vaxt təyyarənin göyərtəsində 142 sərnişin olduğu bildirilir.virtualaz.org