İsrailin Qəzzada iki ayrı bölgəyə endirdiyi hava zərbələri nəticəsində ən azı 14 nəfərin öldüyü, çoxlu sayda insanın yaralandığı bildirilib.
Elchi.az xəbər verir ki, İsrail ordusu Fələstində yenidən mülki insanları hədəfə alıb. Yerli hakimiyyət orqanlarından əldə edilən məlumata görə, Qəzza zolağının Bəni Süheyla şəhərində bir evə hava hücumu nəticəsində azı 10 nəfərin öldüyü bildirilir. Nuseyrat Qaçqınlar Düşərgəsindəki binanı hədəf alan hava hücumunda ən azı 4 nəfərin öldüyü bildirilib. Hər iki hücumda çox sayda insanın yaralandığı açıqlanıb.
İsrail 7 oktyabr 2023-cü ildən bəri davam edən hücumlarında dəfələrlə fələstinli mülki vətəndaşları hədəf alıb. Fələstin Səhiyyə Nazirliyindən verilən son açıqlamada İsrailin hücumlarında həyatını itirənlərin sayının 42 min 289-a, yaralıların sayının isə 98 min 684-ə yüksəldiyi bildirilib.
Şayəstə Hüseynova