“Azərbaycan Şuşanın alınmasını hərb elminin son nailiyyətlərinə əsaslanan bir döyüş taktikası nəticəsində həyata keçirdi. Yəni düşmən bizi Şuşaya gələn iki yoldan gözləyirdi və ona görə də qüvvələrini ora yığmışdı. Şuşanın ətrafında keçilməz meşələr var və bir tərəfi də sıldırım qayalardan ibarətdir, Cıdır düzünə çıxış yolunu təmin edir”
Bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə Şuşa əməliyyatı artıq bir çox ölkələr tərəfindən təhlil edilir:
“İndi Şuşa əməliyyatı barədə telejurnalist Mübariz Əsgərov çox yaxşı sənədli bir film hazırlayıb. O filmdə bir çox döyüş əməliyyatları planı yenidən canlandırılır. Məsələn, ordumuz Şuşa ətrafındakı Topxana müşələrindən bir neçə istiqamətdə çox səssiz-küysüz şəkildə yüngül silahlarla ordan keçib. Ordumuz yalnız müəyyən məqamlarda Şuşanın ətrafında yerləşdirilmiş artilleriyanın atəşi altında bu əməliyyatı həyata keçirdi. Əməliyyatın əsas hərəkətverici qüvvəsi Xüsüsi Təyinatlılarımız idi.
Xüsusi Təyinatlılarımızın əsas hissələri alpinist kimi qayalarla Cıdır düzünə qalxıblar. Ermənilərin ağıllarına da gəlməzdi ki, bu sıldırım qayaların arasından Azərbaycan Ordusu keçə və qalxa bilər. Şuşada əsas döyüş bizim Xüsusi Təyinatlılarımızın düşmənin gözləmədiyi vaxtda onun başının üstünü alması idi. Təsəvvür edin ki, erməni hərbçilərinin böyük hissəsi atıcı silahlarla deyil, süngülərlə, boynunun arxasından şah damarları kəsilməklə öldürülüb.
Fransanın “Lemonde” qəzetinin müxbiri yazır ki, “Səhər sübh açılarkən Şuşadan tamamilə qan içində olan, güclə yeriyən və sürünərək gələn erməni ordusunun əsgərlərinin Xankəndinə doğru hərəkətini gördüm. Onda başa düşdüm ki, Azərbaycan Ordusu artıq Şuşanı fəth edib”. Xüsusi Təyinatlılarımız bu döyüşdə xüsusi qəhrəmanlıq göstərdilər. Ora gedən əsgərlərimizin hər birinin gözündə bir qığılcım var idi.
“Pentaqon” Şuşanın Azərbaycan Ordusu tərəfindən fəth edilən döyüş əməliyyatlarını təhlil edir və bu məsələlərlə bağlı müəyyən taktiki variantların üzərində işləyir. Yəni onlar öz döyüş arsenalına bunu əlavə etmək istəyir”.