Elman Məmmədov: “Onlar gücləndikcə təxribatların da sayı artacaq”
Müdafiə Nazirliyi xəbər verir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub. Bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan olmayıb.
Xatırladaq ki, ötən günlərdə də qanunsuz erməni silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması halları baş verib.
Maraqlıdır, ermənilərin bu təxribatları gələcəkdə də davam edərsə, bu, erməni separatizminə qarşı yeni bir “qulaqburmasını” zəruri edə bilərmi?
Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov artıq bunun bir zərurət olaraq meydana çıxdığını vurğulayıb:
“Erməni separatizminə yeni bir dərsin, yeni bir “qualqburmanın” verilməsinə ehtiyac var və belə gedərsə, bu baş verəcək.
Bu gün Azərbaycan dövlətinin ərazisində 1991-ci ilin pyızından yaradılan qeyri-qanuni, tanınmamış, separatçı-cinayətkar qurum hələ də fəaliyyət göstərir. Bu quruma, eyni zamanda işğalçı Ermənistan dövlətinə məxsus silahlı birləşmələr, quldur dəstələri hələ də bizim əraimizdə mövcuddur. Bunların da fəaliyyəti Rusiya sülhməramlılarının gözü qarşısında, onların himayəsi altında davam edir. Belə getməyəcək. Bu cür mümkün deyil. Heç bir dövlət öz ərazisində separatçı qurumun olmasına, qeyri-qanuni silahlı birləşmələrin, quldur-terrorçu dəstələrin olmasına razı ola bilməz. Buna görə Azərbaycan yaxın vaxtlarda öz hərbi gücündən istifadə edib, anti-terror əməliyyatlarına başlayıb, həmin qaçaq-quldur dəstələrini, qeyri-qanuni qurumları, silahlı birləşmələri məhv etməli, öz ərazisini təmziləməlidir. Bu olmayana qədər mövqelərimiz atəşə tutulacaq, bizə qarşı cürbəcür təxribat-diversiyalar törədiləcək, onlar gücləndikcə, dirçəldikcə bunların sayı daha da artacaq. Buna görə də onların kökü hökmən kəsilməlidir”.