Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT-nin İnsan Haqları Şurasının iclasında iştirak etmək üçün Cenevrədə işgüzar səfərdə olub. Səfər çərçivəsində A.Mirzoyan, hər zaman olduğu kimi, fürsətdən istifadə edərək Azərbaycanın ünvanına böhtan xarakterli tənqidlər səsləndirib.
A.Mirzoyan Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının iclası çərçivəsində bəyan edib ki, guya beynəlxalq təşkilatların Qarabağdakı erməni qaçqınların problemlərinin həllinə Azərbaycan mane olur. O, 44 günlük müharibənin yaratdığı humanitar problemlərə və onların həlli istiqamətində atılan addımlara toxunub. Bu kontekstdə A.Mirzoyan Dağlıq Qarabağda əhalinin əsas hüquq və azadlıqlarının tam şəkildə həyata keçirilməsi üçün lazımi şəraitin təmin edilməsini və beynəlxalq yardımın göstərilməsini istəyib: “Beynəlxalq humanitar təşkilatlara, o cümlədən BMT strukturlarına Qarabağa maneəsiz çıxış təmin edilməlidir. Biz beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağın bütün ərazisinə qeyd-şərtsiz girişin təmin edilməsi üçün məsuliyyəti öz üzərinə götürməyə çağırırıq”.
BMT və digər beynəlxalq təşkilatların humanitar məsələlərlə bağlı fəaliyyətinə Azərbaycan heç vaxt mane olmayıb. Bizdən şikayət edən rəsmi İrəvan unudur ki, torpaqların bir çoxu işğaldan azad olunsa da, yüz minlərlə insan hələ də köçkün həyatı yaşamağa məcburdur. Çünki azad edilən torpaqları ermənilər dağıdıblar, əraziləri minalayıblar və yaxın illərdə o torpaqlara qayıtmaq real deyil. O səbəbdən ermənilərin “qaçqınlarımız var” deyib hay-küy salmaları mənasızdır. Aydındır ki, bu Azərbaycana qarşı növbəti anti-təbliğatdır. BMT-nin Xankəndinə maneəsiz girişi üçün heç bir əngəl ola bilməz, o şərtlə ki, onlar səfərlərinin məqsədini aydın izah etsinlər. Yada salaq ki, 10 noyabr 2020-ci il sazişində məcburi köçkünlər və qaçqınların BMT-nin Qaçqınlar üzrə Ali Baş Komandanlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə qayıtması nəzərdə tutulub.
Bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə şərhində bildirdi ki, Ermənistan xarici işlər naziri populist çıxışlar edir: “Ermənistanın xarici işlər naziri özü də yaxşı bilir ki, populist bir çıxış edir. BMT-nin onların xahişinə rədd cavab verəcəyini özləri də yaxşı bilirlər. İş burasındadır ki, beynəlxalq təşkilatlar Ermənistanın siyasi sifarişi ilə işləmirlər. Araşdırdıqda məlum olacaq ki, birincisi, Ermənistan ”Qarabağdan qaçqın düşənlər” dedikdə Azərbaycanın işğal edilmiş zonasında qeyri-qanuni yerləşdirilmiş insanlardan söhbət gedir. İkincisi, Azərbaycanın Qarabağ bölgəsində-müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə bu gün 25 minə yaxın erməni yaşayır. Onların bu əraziyə sərbəst gedib gəlməsinə şərait yaradılmasına baxmayaraq, həmin erməni əhali durmadan oradan köçür. Çünki orada öz gələcəklərini görmürlər, oradakı separatçı quldur rejim həmin erməni əhali üçün təhlükədir”.
Deputat qeyd etdi ki, Azərbaycanla Ermənistan arasında kommunikasiya qurulanda şübhəsiz ki, Azərbaycan tərəfi Ermənistanın işğalı nəticəsində 1 milyona yaxın vətəndaşımızın 30 il məcburi köçkün həyatı yaşamağa məcbur olduğunu, Ermənistanın işğal dövründə bütün əraziləri minaladığı və bu səbəbdən işğal başa çatandan sonra insanların öz yurdlarına qayıtmasına problem yarandığını, eyni zamanda Xocalı faciəsini, Qaradağlı faciəsini, Başlıbel faciəsini yada salacaq, beynəlxalq səviyyədə məsələ qaldıracaq: “Ermənilər elə bilir ki, dünya gözlərini yumacaq və qaldırılan bu məsələ müzakirəyə çıxarılmayacaq. Halbuki Azərbaycanın qaldıracağı bu məsələlər Ermənistanı ifşa edən bir presedentə çevriləcək.
Qarabağdan bu gün erməni məcburi köçkünlər yoxdur. Qarabağdan bu gün azərbaycanlı məcburi köçkünlər var. Qarabağda bu gün erməni icmasının nümayəndələri yaşayır və proses göstərir ki, onlar həmin ərazidən özləri durmadan köçür. Səbəbi isə orada özlərinin gələcəyini görmədikləri, Ermənistanın siyasi, hərbi təxribatlarının qurbanlarına çevrildiklərinin fərqinə varmalarıdır. Azərbaycan həmin erməniləri öz vətəndaşları sayır və yaşamaları üçün normal şərait yaratmağa hazırdır. Qarabağdakı erməni əhalinin problemi Ermənistanın siyasəti və separatçı rejimdir. BMT və digər beynəlxalq təşkilatlar bu reallıqları nəzərə almalıdır və alacaq”.“Yeni Müsavat”