Əliyev hakim “Vahid Rusiya” partiyasının üzvü Vitali Milanovun Qarabağa qanunsuz səfəri ilə bağlı Medvedeve etiraz məktubu göndərdi: bu etiraz rəsmi Bakının Moskvaya ərazi bütövlüyü və suverenliyi məsələsində güzəşt olmayacağını ən yüksək səviyyədə çatdırmasıdır.
Milanov Qarabağda “rus icması” planının aparıcı fiqurudur və bu planın indi aktivləşdirilməsi səbəbsiz deyil:
– Azərbaycan-Ermənistan sərhədinin müəyyən edilməsi ilə İrəvanın oyundankənar vəziyyətə düşəcəyi məlumdur və bu, Qarabağdakı separatçı-terrorçuların bizim daxili məsələmiz olduğu faktını daha da gücləndirəcək; Paşinyanın “Qarabağın statusu” ilə bağlı son açıqlaması da İrəvanın separatçı-terrorçuları rusların qucağına itələdiyini deməyə əsas verir;
– Ermənistanın oyundan çıxması Qarabağda güc balansını Azərbaycanın xeyrinə dəyişəcək və bu, rus sülhməramlılarının bölgədə nəzərdə tutulan vaxtdan daha çox qalması perspektivini də zəiflədir;
Rusiya məhz indi – Ermənistanın oyundan çıxması prosesinin getdiyi vaxtda “rus icması” kartını da işə salır: bu, Moskvanın bölgədə mövcudluğunu davam etdirmək “arqumentini” gücləndirmək və əlavə rıçaqlar qazanmaq planıdır;
Rəsmi Bakı bu plana qarşı ən yüksək səviyyədə mövqe ortaya qoydu. Və Əliyev bununla Rusiyaya açıq mesaj verdi ki:
– “Rus icması” planından xəbərdarıq;
– Ərazi bütövlüyü və suverenliyimiz məsələsində güzəşt olmayacaq;
Rəsmi Bakının ən yüksək səviyyədə etirazı Qazaxıstan hadisələri fonunda da xüsusi diqqət çəkir. Əliyevin mümkün risklərə qarşı Qarabağda müəyyən gedişlər edəcəyi də istisna deyil.
Asif Nərimanlı