Avropa İttifaqında (Aİ) daxili sərhəd nəzarətini ləğv etməyi hədəfləyən Şengen zonasında sərhəd nəzarəti geniş vüsət alır.
Elchi.az xəbər verir ki, Fransa təhlükəsizlik təhdidləri və qeyri-qanuni miqrasiya ilə bağlı artan narahatlıqları əsas gətirərək, noyabrın 1-dən qonşuları Belçika, Almaniya, İtaliya, Lüksemburq, İspaniya və İsveçrə ilə quru sərhədlərində yoxlamalara başlayıb.
2025-ci ilin aprel ayının sonuna qədər davam edəcək nəzarətlər terrorizm və qaçaqmalçılıq fəaliyyətlərinə qarşı diqqətli olmağı hədəfləyir. Fransa hökuməti sərhədi keçən hər bir şəxsin sistematik şəkildə yoxlanılmayacağına əmin olsa da, səyahət edənlərə şəxsiyyət sənədlərini özləri ilə götürmələri tövsiyə olunur.
Səlahiyyətlilər Belçika, Lüksemburq, İspaniya, İsveçrə, Almaniya və İtaliyadan quru yolu ilə Fransa ərazisinə çatan sərnişinlərə sərhəd nəzarətinin həyata keçirilməyə başlayacağı noyabrın 1-dən etibarən daha uzun gecikmələrlə üzləşə biləcəkləri barədə xəbərdarlıq edib.
Fransanın bu addımı Almaniyanın sərhəd nəzarətini bərpa etmək barədə mübahisəli qərarından sonra atılıb.
Fransa ilə oxşar səbəblərdən 16 sentyabr tarixindən etibarən sərhədlərində müvəqqəti nəzarəti bərpa etdiyini açıqlayan Almaniya, Avstriya, Polşa, Çexiya, İsveçrə, Fransa, Belçika, Hollandiya, Danimarka və Lüksemburqla quru sərhədlərini əhatə edən nəzarətlərin davam edəcəyini bildirib.
Nuranə Məmmədova