ABŞ-ın Corciya ştatında “Delta Air Lines” şirkətinə məxsus təyyarənin salonu tüstü ilə dolduqdan sonra sərnişinlər təxliyə edilib. Səlahiyyətlilər mənbənin səbəbini öyrənmək üçün araşdırmalara başlayıb.
Elchi.az xəbər verir ki, ABŞ Federal Aviasiya İdarəsi (FAA) Delta Air Lines şirkətinə məxsus Boeing 717 sərnişin təyyarəsinin Atlanta Hartsfield-Jackson Beynəlxalq Hava Limanından havaya qalxdıqdan sonra salonunda görünən “duman və ya tüstü” səbəbiylə hava limanına geri döndüyünü açıqlayıb.
Delta Hava Yolları və FAA-nın verdiyi açıqlamada, içərisində 94 sərnişin, 2 pilot və 3 stüardessa olan təyyarənin Cənubi Karolinaya gedərkən problem yaşadıqdan sonra Atlantaya qayıtdığı və təhlükəsiz eniş etdiyi bildirilib.
Bəzi sərnişinlər tərəfindən sosial mediada paylaşılan video qeydlərdə sərnişinlərin kabinədəki tüstüdən təsirlənməmək üçün paltarları ilə başlarını və üzlərini örtdükləri, yerə endikdən sonra slaydlar vasitəsilə təyyarəni tərk etdikləri görülüb.
Delta rəsmiləri problemə görə sərnişinlərdən üzr istəyib, FAA rəsmiləri isə problemin mənbəyi ilə bağlı araşdırma başlandığını bildirib.
Şayəstə Hüseynova