İran nüvə proqramı ətrafında fikir ayrılıqlarını həll etmək üçün ABŞ ilə nəticəyə yönəlmiş danışıqlarda iştiraka davam edəcək.
Elchi.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin dialoqun növbəti raundunun təxirə salınması qərarından sonra yayılan bəyanatında deyilir.
“Danışıqların lap əvvəlindən İran nümayəndə heyəti vicdanla ölkəmizin nüvə enerjisindən dinc məqsədlərlə istifadəsi sahəsində beynəlxalq hüquqa uyğun prinsipial mövqelərinə əsaslanan aydın çərçivəni və qeyri-qanuni sanksiyaların ləğvinin zəruriliyini vurğulayıb. İran ədalətli, məntiqli və davamlı qarşılıqlı anlayışa yönəlmiş niyyətlərinin ciddiliyini nümayiş etdirdi, bu yolda əminliklə və qətiyyətlə hərəkət edəcək”, – nazirliyin rəsmi nümayəndəsi Esmail Baqainin sözlərindən sitat gətirilib.
Bildirək ki, ABŞ və İran Omanın vasitəçiliyi ilə Tehranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün artıq üç raund danışıqlar aparıb. Məsləhətləşmələrdə İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff başçılıq edir.
Qeyd edək ki, daha əvvəl Omanın xarici işlər naziri Bədr əl-Busaidi ABŞ və İran arasında mayın 3-nə planlaşdırılan danışıqların növbəti mərhələsinin logistik səbəblərə görə təxirə salındığını bildirmişdi.