44 günlük Vətən Müharibəsində öz qəhrəmanlığı ilə dastan yazan oğullarımızdan biri də Qazaxda doğulan Elçin Qurbanov idi. Ürəyi vətən eşqi ilə döyünən 18 yaşlı şəhidimiz son məqamına qədər vətən üçün döyüşdü.
Elçin Qurbanov 2002-ci il yanvarın 22-də Qazax rayonunun Xanlıqlar kəndində anadan olub. 2008-2017-ci illərdə Ş.Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Elçin Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. Ən ağır döyüşlərində biri Şuşada olur. Şuşanın alınması əməliyyatında iştirak edən Elçin düşməni məhv etmək üçün hərəkətə keçirlər. Daşaltı ətrafında qanlı döyüşlərdə bu cəsur oğlumuz düşmənin xeyli canlı qüvvəsini məhv edir.
Amma yüksəklikdə mövqe tutan ermənilər onların atəş altına salır. Elçin və iki döyüş yoldaşı noyabrın 4-də axşam şəhid olur. Gecə qəhrəmanımızın nəşini döyüş yoldaşları döyüş meydanından cıxardır. Qəhrəmanımızın ən böyük arzusu Cıdır düzünü görmək olub. İndi şəhid oğlumuzun ruhu Cıdır meydanında dolaşır.
Şəhid Elçin Qurbanov böyük izdihamla Qazax rayonunun Xanlıqlar kəndində torpağa tapşırılıb.
Elçinin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar “Vətən uğrunda” və “Şuşanın azad olunmasına” görə medalları ilə dəyərləndirilib.
Qoşqar Salmanlı