“Halvaçı qızı – daha şirin!”
(Azərbaycan ata sözü)
Adamın üzünə tüpürəni tapa bilmirlər, ancaq pulun üzərinə tüpürəni dərhal tapıb qulağını burdular. Üzr istəyibmiş. Deyir neqativ hərəkət eləmişəm, bağışlayın. Bağışlayırıq, bir də belə qələt eləmə, ikinci dəfə rastımıza çıxsa ağzını-gözünü dağıdarıq. Lap gözünün altını qaraldarıq. Alt-üst qaraltma yalnız siyasi xadimlərə aiddir, hələ ona layiq olmalısan. Sözgəlişi, görəsən o əhvalatın axırı necə oldu? Mən təklif edirəm gələn dəfə müxalifətçilər tüpürmək aksiyası eləsinlər. Bu halda əlaqədar orqanlar çox operativ tərpənir.
Pula hörmətin olması yaxşı haldır. Adamlara hörmət qoymuruq, heç olmazsa pulumuzun qədrini bilək. Sabirdən şeirin yeri gəlmişdir:
“Nuri-çeşmanımmısan, ey pul, ya canımmısan?
İsmətim, namusum, irzim, qeyrətim, qanımmısan?
Hörmətim, fəxrim, cəlalım, şövkətim, şanımmısan?
Müshəfim, Məkkəm, Mədinəm, qibləm, ərkanımmısan?
Məzhəbim, dinimmi, ayinimmi, imanımmısan?”.
Tək dekabra görə deyil, qəlbimiz inanılmaz qüssə ilə doludur. Heç səbəbini də başa düşmürsən.
Məsələn, qaz idarəsinin nəzdində Qadınlar Şurası yaradılmışdır. Heç dəxli var, sən Allah… Doğrudanmı bu qədər bekarçılıqdır? Qazda işləyən Qızlar Şurası da olsun. Bəs niyə orda Kişilər Şurası yoxdur? Kişilər adam deyil? Gender bərabərliyi tələb edir. O cümlədən, bütün dövlət, alt-dövlət və alt-üst dövlət (yenə bu alt-üst teması bizdən əl çəkmir) qurumlarımızda Qadın, Kişi, LGBT, BLM, nə bilim, canım sənə desin, KİVDF və VLKSM şuraları yaradılmalıdır. Camaat qaz pulu ödəməyə imkan tapmır, barmağını tüpürcəkləyib (məncə burda hansısa tədbirlərin vaxtı yetişir) son qəpik və əskinaslarını sayır, idarədə isə Qadınlar Şurası düzəldirlər. Məqsəd nədir? Hesab edək o şura lap aktiv fəaliyyət göstərdi, bütün qaz şöbələrində çalışan zənənləri öz balonu, üzr istəyirəm, çətiri altına topladı. Bəs sonra? Qaz idarəsində işləyən qadınların ayrıca həmkarlar təşkilatını da düzəldəcəklər? Yoxsa qazda yemək bişirən həmcins qadınlara ümumrespublika müraciəti hazırlayacaqlar? Ki, bozbaşı xəfif alovda qaynadın, amanın günüdür, Avropada enerji böhranıdır.
O yanda da işıq pulu yığanlara regionlarda hücumlar artmışdır. Birinin maşınını yandırıblar hətta. Səbəb işığın bahalaşmasıdır. Pul yığanları camaatla faktiki üz-üzə qoyublar. Əlbəyaxa döyüş üzrə milli çempionatdır. Kim qalib gəlsə, ona hökumət tərəfindən fəxri adlar, orden-medallar veriləcəkdir. Məğlub olanın canı çıxsın.
Lakin bu prosesin maraqlı cəhəti odur ki, qazın pulu işıqdan da çox qalxıb, döyülənlər isə işıq qarovulçularıdır. Görünür bunun səbəbi qaz idarəsinin cəld tərpənib qadınlar şurası düzəltməyindədir. Qadınlar rayonları dolaşıb münaqişə tərəfləri arasına kəlağayı atırlar, barışıq yaradırlar. İşıq idarəsi isə yatır. Zamanın nəbzini tutmalısan. Yoxsa birdən baxırsan öz nəbzin əllərdə qalıb.
Yayda Almaniyada yaşayan bir oxucumdan məktub almışdım. Deyir, alman jurnalistlə Bakıya qonaq gəlmişdik, bizi hava limanında tutub zorla Atletlər kəndinə apardılar, əmr elədilər ki, mütləq 2 həftəlik karantində qalmalısınız. Koronavirus testindən keçmələri, başqa tibbi sağlamlıq arayışları da heç bir işə yaramayıb, onları saxlayan rəis deyib: “Mən bilirəm siz bu test və arayışları Almaniyada hansı çirkin üsullarla əldə etmisiniz”. Əlacları kəsilib, deyiblər onda biz heç respublikanıza girmək istəmirik, icazə verin rədd olaq qayıdaq Berlinə tərəf. Rəis bildirib ki, heç elə şey yoxdur, mütləq iki həftə karantində qalmalısınız.
Doğrusu bu məktub niyə indi yadıma düşdü, heç bilmirəm. Görəsən adam iki həftədən sonra salamat qayıdıb gedib, ya bəlkə hələ də Atletlər kəndindədir? Altı aya, öz üzərində çalışsa, yaxşı atlet olmaq mümkündür.
Zamin HACI