“Mən ilk növbədə sadəcə bir insanam. Daha sonra futbolçuyam. İstəyirəm ki, əvvəlcə məni yaxşı insan və ata kimi tanısınlar. Mən müasir futbol haqqında bildiklərimi başqaları ilə paylaşmaq istəyirəm. Xüsusi ilə də biznes tərəfini. Düzdür, hazırda biznesi yox, yaxşı insan olmağı fikirləşirəm”.
Alp.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Keysuke Honda klubun televiziyasında yayımlanan “Həmsöhbət” verilişində deyib.
Bir qoluna Yaponiya vaxtını, digər qoluna da yerli zamanı göstərən saat taxan 35 yaşlı hücumçu bunun səbəbini belə açıqlayıb: “Saatlarımı evdə unutmuşam. Çox təəsüf ki, üstümdə deyil. Gələn dəfə müsahibə verəndə hər iki saatımı gətirəcəyəm. Təbii ki, zarafat edirəm. Bu, mənim üslubumdur. Mən dəbi sevirəm. Xüsusilə də saatlar çox xoşuma gəlir”.
Oyunçu Bakı klubuna keçidi haqqında növbəti dəfə danışıb: “Pandemiyanın başlanmasından sonra klub tapmaq həqiqətən də çətin məsələ oldu. Mən özümə uyğun komanda tapa bilmirdim. O vaxt həmçinin bir neçə liqada transfer pəncərəsi artıq bağlanmışdı. Bəzi çempionatlarda isə transfer pəncərəsi açıq idi. Mən də bu variantlardan birini seçməli idim. Yaponiyaya qayıtmaq istəmirdim. Gənc olanda orada 3 il oynamışdım. Mən yeni çağırış gözləyirdim. “Neftçi”ni seçdim. Burada çempion olmaq üçün şansım var. Bu imkan məni həyəcanlandırır. “Neftçi”dən təklif gəldi, mən də fikirləşib, qəbul etmək qərarını verdim. Xoşbəxtəm ki, buradayam. Ağ-qara rənglərdən xoşum gəlir. Burada sırf pula görə oynamıram. Sadəcə, karyeramı davam etdirirəm. Fəxr edirəm ki, böyük klubda oynayıram. “Neftçi”nin prezidentindən maaşımı soruşa bilərsiniz”.