6 aprel 1453-cü il, Osmanlı qoşunları Bizans imperiyasının paytaxtı Konstantinopolu mühasirəyə alırlar. Şəhərin müdafiəçiləri arasında isə bir Osmanlı şahzadəsi də vardı.
Yıldırım Bəyazid 1402-ci ildə Əmir Teymura məğlub olub əsir düşəndən sonra onun oğulları arasında hakimiyyət müharibəsi başladı. Osmanlı tarixində “Fetret devri” deyilən bu müddətdə şahzadələrdən hər biri müxtəlif qüvvələrin köməyini əldə etməyə çalışırdı.
Şahzadə Süleyman da Bizansın dəstəyini qazanmaq üçün öz qardaşı Qasım Çələbini Konstantinopola girov göndərmişdi.
Fetret devri şahzadə Mehmed Çələbinin qalib gəlməsi ilə başa çatdı. Osmanlı dövlətinin ikinci qurucusu sayılan I Mehmed qardaşlarını zərərsizləşdirib təkhakimiyyətliliyi bərpa etdi.
Bizansda olan Qasım Çələbi isə 20 yaşında vərəmdən öldü, amma bu zaman onun artıq Orxan adlı bir oğlu olmuşdu. Sonrakı illərdə Bizans imperatorları Osmanlı ilə münasibətlərində Orxan faktorundan istfadə edirdilər.
Şahzadəni ordu ilə təmin edib taxt-taca namizəd göstərmək olardı. Yəqin ki, türklərdən tərəfinə keçən də olacaqdı. Bu isə yeni müharibə və xeyli xərc tələb edəcəkdi. I Mehmedin erkən ölümündən sonra taxta keçən sultan II Murad buna görə hər il Bizansa 300 min axça pul ödəyirdi.
1451-ci ildə II Murad öldü və taxta 19 yaşlı oğlu II Mehmed çıxdı. Yeni sultanı təcrübəsiz və bacarıqsız hesab edən Bizans imperatoru XI Konstantin ona ultimatum göndərərək Orxanın girovluqda saxlanılması üçün verilən pulun iki dəfə artırılmasını tələb etdi, əks halda şahzadəni sərbəst buraxacağını bildirdi.
Bu zaman Anadoluda Karaman bəyliyini tabe etməyə çalışan II Mehmed elçilərə söylədi ki, paytaxt Ədirnəyə qayıdandan sonra Bizansın tələbi üzərində düşünüb cavab verəcək. Bundan sonra o, Karaman bəyi II İbrahim ilə tələsik sülh bağladı və Konstantinopolun mühasirəsi üçün hazırlıqlara başladı.
53 gün sürən mühasirədə şahzadə Orxan da şəhərin müdafiəçiləri arasında idi. II Mehmed şəhərin alındığı halda ilk görmək istədiyi iş Orxanı tapmaq və bu təhlükəni ortadan qaldırmaq idi. Konstantinopol mayın 29-da süqut edəndə şahzadə keşiş qiyafəsində qaçmağa cəhd göstərdi, amma tanındı və tutularaq qətlə yetirildi.
Yadigar Sadıqlı