O əsl millət fədaisi idi. Ömrünü Azərbaycana fəda etdi. Yaşadığı bir ömrü Azərbaycanın gələcəyinə həsr etdi. Onlarla gəncin təhsil almasına yardımçı oldu. O inanırdı. İnanırdı ki, uğrunda savaşdıqları Azərbaycan azadlığa qovuşacaq. O mühacirətdə olanda da, Azərbaycanın azadlığı üçün savaşdı. Ac-susuz yaşasa da, son günə qədər ümidini üzmədi. Amma nə yazıq ki, Azərbaycanın rus işğalından azad olunduğunu görmədi.
General-mayor, Azərbaycan Demokratik Respublikasının daxili işlər nazirinin müavini olmuş Sadiq Ağabəyzadənin keçdiyi şərəfli döyüş yolu haqqında məlumat verəcəyik.
Sadıq bəy Ağabəyzadə 1865-ci il mart ayının 15-də Bakı quberniyasının Göyçay şəhərində dünyaya gəlıb. 1883-cü ildə Bakı realnı məktəbini bitirıb. Sonra Peterburq şəhərində II Konstantinov hərbi məktəbinə daxil olub. 1886-cı ildə, Qafqazda podporuçik rütbəsində xidmət etməyə başlayır. 10 il keçdikdən sonra, 1896-ci ildə imtahanlarını müvəffəqiyyətlə verərək, Baş ştab nəzdində, Sankt-Peterburq şəhərində Şərq dilləri institutuna qəbul olunur. Həmin institutu bitirdikdən sonra, 1899-cu ildə hərbi xidmət keçmək üçün Türküstan vilayətinə göndərilir. 1913-cü ildə Sadıq bəy general-mayor rütbəsində ordudan istefaya çıxır. Çar Rusiyasının müxtəlif ərazilərində , əsasən də Türkmənistanda Hərbi xidmət keçən Sadiq bəy istefa verəndən az sonra I Dünya Müharibəsi başlayır və o, yenidən zabit formasını geyinib, savaşa yollanır. Heç kəsin ağlına gəlməzdi ki, çar ordusunun Türkmənistana xidmətə göndərdiyi bir zabit ora gedib türkmənlərin, ümumən türklərin tarixi rəvayətlərini, dastanlarını, əsatirlərini toplamaqla məşğul olacaq. Amma o bunu etdi. Topladığı materialları bir yerə yığaraq “Türkmən ləhcəsi” adlı bir dərslik tərtib etdi. Şərq elmləri, türk tarixi üzərində araşdırmalar onu hərbdən get-gedə uzaqlaşdırırdı. Sadiq bəyin ordudan istefa verməsi haqqında müxtəlif versiyalar irəli sürülürdü. Artıq alim kimi tanınan Sadiq bəyin istefa verməsinə əsas səbəb kimi onun 1913-cü ildə Türkmənistandan başqa yerə döyüş meydanına göndərilməsi idi. O bu təyinata etiraz edərək ordudan istefa verir. Bu zaman 48 yaşlı zabit, artıq rus ordusunun az sayda türk generallarından biri idi.
Çar Rusiyası devriləndən sonra isə Azərbaycanımızda Xalq Cümhuriyyəti bərqərar olduqda Fətəli xan Xoyskinin rəhbərlik etdiyi milli hökumət generalı yeni qurulan Daxili İşlər Nazirliyinə nazir müavini kimi dəvət edir. Sadiq bəy peşəkar bir zabit kimi, Daxili İşlər Nazirliyinin formalaşdırılmasında mühüm rol oynayır.
1918-ci ilin 23 oktyabrında, Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə Sadıq bəy Daxili İşlər nazirinin müavini vəzifəsinə təyin ediləndə çoxları bu təyinata etiraz edirdi. Bu vəzifədə o 1919-cu ilin dekabr ayına qədər fəaliyyət göstərir. Sadıq bəy Ağabəyzadə tərəfindən polis işçi rütbələrinin təsnifat sistemi işlənib hazırlanır. 1919-cu ildə Azərbaycanda polis işçilərinin ümumi sayı 9661 nəfərə çatdırılır, onların 498-i 1-ci rütbəli şəhər polisi, 5089-u 2-ci rütbəli şəhər polisi, 242-i 1-ci rütbəli post polisi, 243-ü isə 2-ci rütbəli post polisi idi. 1919-cu il oktyabrın əvvəlində, hökumətin tapşırığı ilə Sadıq bəy Batumi şəhərində ABŞ prezidentinin şəxsi nümayəndəsi general Ceyms Xarbortu qarşılayır. Sadıq bəy oktyabrın 4-dən 10-na kimi prezident nümayəndəsini müşayiət edir və onu mühafizəçi ilə təmin edir. Bakıya gələrkən general Xarbort Hacı Zeynalabdin Tağıyevin evində qonaq qalırdı. Sonralar amerikalı general öz xatirələrində Sadıq bəyi savadlı zabit və gözəl dost kimi xatırlayırdı:”Azərbaycan nümayəndə heyətinin tərkibində olan Sadiq bəy yüksək təhsilə və mədəniyyətə sahib bir insan idi. ”
Azərbaycan Demokratik Respublikası süquta uğradıqdan sonra Sadıq bəy ailəsi ilə birlikdə Türkiyəyə mühacirət edir və İstanbulda qohumları ilə yaşayır. Sonra Parisə köçməyə məcbur olur və iki il Sorbon şəhərində fars və türk dillərini tədris edir.
O, Cümhuriyyətin 21 generalı arasında elm xadimi olması ilə fərqlənirdi. Həm o zaman, həm də indiki dönəmdə Sadıq bəy bir döyüş generalından çox, alim kimi xatırlanmaqdadır.
Ceyhun Hacıbəyli xatirələrində yazırdı:“General-mayor Sadiq bəy Ağabəyzadə şərqşünas alim kimi daha çox məşhurdur. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətində daxili işlər nazirinin müavini olub. 1920-ci ildə İstanbula, əmisi oğlu, professor Əli bəy Hüseynzadənin yanına gedib. Bir il orada yaşadıqdan sonra Fransaya mühacirətə gedib. Ali məktəblərdə fars və türk dillərindən dərs deyən Sadıq bəy fransızcanı da gözəl bilirdi. Bəxtinə cəlayi-vətənlik düşən görkəmli Azərbaycan oğlu Sadıq bəy Ağabəyzadə 1927-ci ildən Lvov universitetinin professoru Ziqmund Smoqjevskinin dəvəti ilə Lvov universitetində işləyib. O, ərəb, fars, türk dillərindən dərs deyir, İslam paleoqrafiyasını, epiqrafiyasını və kaliqrafiyasını tədris edirdi. Məşhur polyak şərqşünasları Teofil Volodarski, Olqa Bak, Tadeuş Levitsin və başqaları həmyerlimiz, general-professor Məmmədsadıq bəyin yetirmələri olub. Hərbi fəaliyyətilə yanaşı, şərqşünas kimi də böyük şöhrət qazanan Ağabəyzadə 1904-cü ildə rus dilində “Türkmən ləhcəsi”, 1931-ci ildə polyak dilində «Türk dili», 1932-ci ildə “Fars dili”, 1934-cü ildə “Ərəb dilinin qrammatikası” kimi sanballı əsərlərini nəşr etdirib. 1944-cü ildə Lvov şəhəri faşistlər tərəfindən alınanda bir alman zabiti tənha yaşayan professor Məmmədsadıq bəyin mənzilini öz qərargahına çevirir. Yarıqaranlıq, nəmli zirzəmiyə köçən Məmmədsadıq bəyin zəif vücudu daha da pisləşir. Elm fədaisi və müsavat generalı Məmmədsadıq bəy Ağabəyzadəni 1944- cü il noyabrın 8-də sevimli tələbəsi Tadeuş Levitski Lvov şəhər qəbiristanlığında dəfn edib”.
Sadıq bəyin ömrünün son illəri əzab içində keçib. Faşist işğalı zamanı hitlerçilər qocaman alimi öz mənzilindən çıxarırlar. O, pis qızdırılan, çox soyuq və şəraitsiz yerdə yaşamalı olur. Sadıq bəy Ağabəyzadə 1943-cü ildə ağır xəstələnir və 9 oktyabr 1944-cü ildə Lvov azad ediləndən sonra vəfat edir. Son günlərində tələbəsi Olqa Bak və onun əri alimin qayğısını çəkir.
Ömrünün sonunda yazdığı bu vəsiyyət onun qürbət taleyi haqqında hər şeyi özündə əks etdirir:
“Əgər qardaşlarım gəlib çıxmasalar, onda nəyim varsa, T.Levitskiyə qoyub gedirəm. Mənə uzun müddətli sədaqətli xidmətinə görə pani Severina Vilkoşinskayaya üç yüz zlot, Teodozi Krulyovaya yüz zlot, Olqa Voşçaka, mənim şagirdimə bir kitab və istədiyi üç qramafon val verərsiniz”.
Bu əslində qürbətin yazdırdığı bir epiloqdur. Çar generalının, universitet professorunun həyat epiloqu məhz bununla bitməli idi. Qürbətdə hamıdan əli üzülmüş və bircə tələbəsi Levitskidən asılı qalan bir ömrün epiloqu nə qədər də təsirlidir…
Sovet dövründə tariximiz təhrif olundu. Ancaq təhriflərin içində faktların fakt olaraq qalması və bu günə gəlib çıxması bir daha sübut edir ki, tarix hər şeyi olduğu kimi saxlamaq gücündədir. Cümhuriyyət ücün vuruşanlar əsl mücahidlərdir. Son ana qədər dişləri dırnaqları ilə yaratdıqları bir azadlıq simvolunu qorumağa çalışdılar. Nə yazıq ki bu azadlıq adasını qoruya bilmədilər. Bu mübarızədə carpışanlardan biri də general-mayor, görkəmli alim Sadiq bəy Ağabəyzadə idi.
Qoşqar Salmanlı