“Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Ovçuluq təsərrüfatlarına ictimai nəzarət: Sosial-ekoloji layihənin icrası” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə informasiya sorğusu göndərib.
22 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinə cavab məktubu təqdim edilib.
Məktubda 1 iyul 2024-cü il tarixində sözügedən ictimai birliyin ünvanladığı “Ovçuluq təsərrüfatlarına ictimai nəzarət” adlı sosial-ekoloji layihə ilə bağlı edilən informasiya sorğusuna cavab olaraq geniş məlumatlar verilib.
Məktubda qeyd edilir ki, 2023-cü ildə nazirliyin tabeçiliyində olan ovçuluq təsərrüfatlarına dair monitorinqlər aparılıb və nəticələr qiymətləndirilib. Mahmudçala, Yaşma, Ağzıbir Ovçuluq Təsərrüfatlarında və digər ərazilərdə baş verən problemlərin həlli üçün tədbirlər görülüb və müvafiq olaraq ictimaiyyətə məlumatların çatdırılması təmin edilib.
Qeyd edək ki, layihə çərçivəsində ovçuluq təsərrüfatlarına ictimai nəzarət təmin edilir, ovçuluq fəaliyyətində hüquqi və ekoloji normalara riayət olunması təşviq olunur. Vətəndaşların layihə haqqında məlumatlandırılması və ekoloji biliklərin artırılması məqsədilə müxtəlif maarifləndirici kampaniya təşkil olunur.
“Pragma” İctimai Birliyi layihənin icrası zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yaxından əməkdaşlıq edir.

