image-236523235_2612535232225018_1337736315241280346_nbackend

Düşmən texnikalarının qənimi:Şəhid  İlqar  İsmayılov

Azərbaycan hər zaman qəhrəman oğullar, igidlər və cəsurlar yurdu olub. Vətən müharibəsində mənfur düşmənə ağır zərbələr endirərək, onları əzəli torpaqlarımızdan qovan rəşadətli ordumuzun şəxsi heyəti sübuta ehtiyacı olmayan aksiomanı bir daha bütün dünyaya sübut etdi. Cəmi 44 günlük qısa zaman kəsimində yurdumuzun mərd oğulları Qarabağda qəhrəmanlıq dastanı yazdılar. Elə bir dastan ki, illər keçsə də, bu qələbəni xalqımıza bəxş edən həmin oğullar unudulmayacaq, onların həyat yolu gələcək nəsillərə nümunə olacaqdır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək torpaqlarımızı işğaldan azad etdi. Tarix yazan qəhrəman əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizəsinin Vətən naminə əsl döyüş ruhunu meydanda nümayiş etdirdi. Bu qəhrəmanlardan biri də İlqar İsmayılov idi.

Şəhid İsmayılov İlqar Mehdi oğlu 1988-ci il avqustun 23-də Beyləqan şəhərində dünyaya gəlib. O, 1994-cü ildə Fərman Hacıyev adına Beyləqan şəhər 2 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub 2005-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. Hələ orta məktəbdə oxudğu illərdən hərb sənətinə marağı olan İlqar bir çox hərbi yarışlarda iştirak edib hər zaman vətənpərvərliyi ilə seçilib. O, 2006-cı ilin oktyabrında Beyləqan rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. İlqar Silahlı Qüvvələrin Naftalan rayonunda yerləşən “N” saylı motoatıcı hərbi hissəsində xidmət edib. Əsgəri xidməti ərzində yüksək bacarıq nümayiş etdirib verilən tapşırıqların öhdəsindən uğurla gəlib.

2008-ci ildə hərbi xidmətini başa vuran qəhrəmanımız 2009-cu ilin aprelində sənədlərini “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı” kursuna verib. Kursu uğurla bitirərək Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə motoatıcı manqa komandiri vəzifəsinə təyin olunub. Xidməti ərzində o, döyüş və ictimai hazırlıqlarda yüksək nailiyyətlər əldə etdiyinə görə fəxri fərmanlara və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalına layiq görülüb. Çavuş İsmayılov 25 aprel 2014-cü ildən Piyadanın Döyüş Maşınında (PDM-2) tuşlayıcı-operator vəzifəsində xidmətinə davam edib. İlqarın müharibə ilə ilk tanışlığı isə 2016-cı ilə təsadüf edib. O, Aprel döyüşlərində şəxsi şücaəti və verilən hədəfləri dəqiqliklə məhv etməsi ilə seçilib. Qəhrəmanımızın peşəkarlıqla iştirak etdiyi döyüşlərdəki fədakarlığı ordu rəhbərliyinin də diqqətindən yayınmayıb. Müdafiə Naziri general-polkovnik Zakir Həsənov tərəfindən fəxri fərmana və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə, eləcə də “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

Vətən müharibəsində döyüş yolu Füzuli rayonunun Horadiz kəndindən başlayan çavuş İsmayılov düşmənin illərdir qurduğu sədlərin yarılmasında iştirak edib. İgidliyi ilə fərqlənmiş qəhrəmanımız tuşlayıcı-operatoru olduğu “PDM-2” ilə düşmən mövqelərini darmadağın edib. Döyüşlərin ikinci günü-sentyabrın 28-də Cəbrayıl rayonunun Nüzgar kəndi istiqamətində hücum zamanı İlqarın da içərisində olduğu “PDM-2” düşmən tərəfindən vurulub. İlqardan 20 gündən çox xəbər ala bilməyən ailəsi oktyabrın 23-də onun qəhrəmancasına şəhidlik zirvəsinə ucaldığını öyrənib. İlqar oktyabrın 23-də Beyləqan rayonunun Şəhidlər Xiyabanında uğrunda canını fəda etdiyi Vətən torpağına tapşırılıb.

Şəhidimiz ailəli idi: onun Sara adlı bir qız övladı var. İkinci qızı Dəniz isə 2020-ci ilin noyabrın 23-də anadan olub.

Cəsurluğu və qəhrəmanlığı ilə zəfər tariximizi yazan şəhidlərimizdən biri çavuş İsmayılov İlqar Mehdi oğlu ölümündən sonra iştirak etdiyi döyüş əməliyyatlarında və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.

Ramil Hikmət

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki