Almaniyalı elm adamları ürək xəstəliklərinin qandan götürülərək kök hüceyrəyə çevrilən “ürək əzələsi yamaqları” ilə müalicə oluna biləcəyini aşkar ediblər.
Elchi.az xəbər verir ki, Almaniyanın Göttingen Universitetinin Tibb Mərkəzinin alimləri bu müalicəni əvvəlcə ürək çatışmazlığı olan meymunlar üzərində sınaqdan keçiriblər, sonra isə 2021-ci ildə 46 yaşlı qadın xəstənin ürəyini tədqiq ediblər.
Tədqiqatçılar infarktdan sonra ürək çatışmazlığı olan xəstənin ürəyinin xarici səthinə 400 milyon hüceyrədən ibarət 10 əzələ toxuması yerləşdirərək, xəstənin vəziyyətinin 3 ay stabil qaldığını müəyyən ediblər.
Bu 3 aylıq müddətin sonunda tədqiqatçılar xəstənin ürəyini araşdırdılar və əzələ yamaqlarının damarlar meydana gətirərək ürəyə bağlandığını və ürəyin nasosunu təhlükəsiz şəkildə dəstəklədiyini müşahidə etdilər.
Elm adamları sözügedən əzələ toxumalarının döş qəfəsindəki kiçik bir kəsiklə ürəyin səthinə tikildiyini ifadə ediblər.
Müalicənin ürək transplantasiyası ehtiyacını tamamilə aradan qaldırmaq üçün yox, ürək transplantasiyası gözləyən xəstələrə kömək etmək üçün sınaqdan keçirildiyi vurğulanıb.
Tədqiqatçılar eyni müalicə üsulunu daha 14 xəstəyə tətbiq ediblər və bu yeni üsulla daha çox xəstəni müalicə etməyi hədəfləyiblər.
Araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ürək xəstəlikləri bütün dünyada ölümün əsas səbəblərindən biridir və onların erkən diaqnozu müalicə üçün vacibdir.
Elm adamları uzun illərdir kök hüceyrələrdən və ya kök hüceyrələrdən çıxarılan əzələ toxumalarını ürəyə implantasiya etmək üzərində təcrübə aparsalar da, bu tədqiqatlar tez-tez qeyri-müntəzəm ürək ritmi, şiş əmələ gəlməsi və immunitet sistemi tərəfindən rədd edilməsi kimi maneələrlə üzləşirdi.
Nuranə Məmmədova