image-downloadbackend

Pakistandan almaq istədiyimiz “JF-17 THUNDER” nəyə qadirdir?

“JF-17 Thunder” yüngül, tək mühərrikli, çoxməqsədli dördüncü nəsil qırıcı-bombardmançı təyyarədir. Qırıcı ilk növbədə Pakistan hava qüvvələrinin təlabatını ödəmək üçün Pakistan Aviasiya Kompleksinin (PAC) və Çin şirkəti olan Çenqdu Aviasiya Sənaye Korporasiyası (CAC- Chengdu Aircraft Industries Corporation) tərəfindən hazırlanıb.

Təyyarə proqramı ilk dövrlər Pakistanda “Super 7” adı ilə tanınsa da, sonradan “JF-17 Thunder” adı ilə tanınmağa başlayıb. Təyyarənin adındakı “JF” abreviaturasının açılışı “Joint-Fighter” (Vahid Qırıcı), “Thunder” isə “İldırım” mənasını verir. 17 rəqəmi isə F-16-dan daha yüksək göstəricilərə malik olduğunu vurğulamaq məqsədi daşıya bilər.

2011-ci ildən Pakistan ordusuna daxil edildikdən sonra 19.000 saat əməliyyat uçuşu yerinə yetirən “JF-17 Thunder”, Pakistanın şimal-qərbində terrorçuların mövqelərinin bombalanması əməliyyatında aktiv iştirak edib. Bu əməliyyatlarda həm idarə olunmayan, həm də idarə olunan aviasiya bombalarından istifadə olunub. 2016-cı il hesablamalarına görə, Pakistan hər il 25 ədəd “JF-17 Thunder Block II” istehsal etmək qabiliyyətindədir. Hər hansı başqa ölkədən sifariş olacağı halda bu rəqəmin artacağı gözlənilir.

Bu təyyarələr dörd inkişaf mərhələsi keçərək bügünkü səviyyəni əldə etməyə nail olub.

“JF-17 Thunder Block I”: İstehsalı 2006-cı ilin iyun ayında Çində başlanıb, 2013-cü il dekabrın 18-də Pakistanda tamamlanıb. Təyyarələrin 58%-i (təqribən 50 ədəd) Pakistanda istehsal olunub. Qiyməti 15 milyon ABŞ dollarıdır.

“JF-17 Thunder Block II”: Seriya İstehsalı 18 dekabr 2013-cü ildə başlanıb. Bu qırıcılar inkişaf etmiş avionikaya, artırılmış yük daşıma qabiliyyətinə, lazer nişangahlarına, havada olarkən yanacaq doldurma qabiliyyətinə və radioelektron mübarizə vasitələrinə sahibdir. Həm Rusiya, həm də NATO istehsalı olan raket və sursatlardan istifadə edə bilən nadir qırıcıdır. Qiyməti 23 milyon ABŞ dollarıdır. “JF-17 Block II” təyyarələrində müasir “Sniper-ATP” lazer nişangahları quraşdırılıb. Pakistan HHQ-nə hər il 16 ədəd “JF-17 Thunder Block II” təhvil verilib.

“JF-17 Thunder Block B”: İki oturacaqlı variantı 2017-ci ildə orduya daxil oldu. Bu təyyarələr təlim-döyüş təyyarələridir.

“JF-17 Thunder Block II” hərbi təyyarəsi ilk dəfə olaraq 2006-cı ildə sınaqdan keçirilib. Azərbaycan Silahlı Qüvvələrinin bu qırıcı təyyarədən artıq əldə etdiyi barədə mətbuatda məlumat verilib. Hesab edilir ki, “JF-17 Thunder Block II” təyyarələri MiQ-29 təyyarələri ilə oxşar xüsusiyyətlərə malikdir. Qiymətdə isə JF-17 daha ucuzdur, amma təyyarənin yüksək manevrlik qabiliyyətinə görə analoqunu üstələyir.

“JF-17 Thunder Block II” təyyarələri “4+” sinfində “qiymət-effektivlik” baxımından ən uğurlu seçimdir. Belə münasib qiymətə baxmayaraq, bu çoxməqsədli qırıcı təyyarə geniş spektrdə məlum olan bütün taktiki tapşırıqları- düşmən qırıcıları ilə uzaq hava döyüşündən RƏM vasitələrinin basdırılmasını belə həyata keçirə bilir. İstifadəçinin istəyindən asılı olaraq döyüş təyyarəsində NATO, Sovet, yaxud Çin istehsalı olan silah sistemlərini tətbiq etmək mümkündür. Bu isə Azərbaycan üçün çox vacıb faktordur. Təyyarə müasir radioelektron mübarizə sisteminə malikdir.

Havada yanacaq doldurma sisteminin tətbiqi təyyarənin döyüş radiusunu 1600 km-dən 2300 km-ə qədər artırıb.

“JF-17 Thunder Block B” iki oturacaqlı təlim döyüş variantının da Azərbaycan tərəfindən alına biləcəyi istisna deyil. Bu təyyarələr “JF-17 Thunder Block II” variantından sadəcə təlimatçı üçün əlavə oturacaqla təchiz olunması ilə fərqlənir. Döyüş qabiliyyəti və manevr imkanları döyüş təyyarəsində olduğu kimidir.

“JF-17 Thunder Block III”: Dəbilqədə quraşdırılmış ekran və görünüş sistemi (HMD/S), daha inkişaf etmiş avionika, radarlara görünməzlik, stels texnologiya tətbiq olunur. AESA radar, yeni mühərrik, iki oturacaqlı pilot kabinəsi kimi bir çox yeni funksiyalara malikdir. Sürətinin Mach 2.0-dən yüksəkdir. Pakistan HHQ rəsmiləri bu təyyarəni “4+ nəsil” təyyarə adlandırıb. 2017-ci ilin ilk yarısına qədər 50-dən çox “JF-17 Thunder Block III” variantı olan döyüş təyyarəsi Pakistan HHQ-nə təhvil verilib. Bundan əlavə Türkiyənin “Aselsan” şirkətidə Pakistana 25 milyon dollarlıq “Aselpod” nişangah konteynerləri satıb. Bütün bunlar 4+ və 5-ci sinif qırıcılarda istifadə olunacaq avadanlıqlara aiddir.

Döyüş yükü 3630 kq-a çatdırılıb. Konstruksiyasında radiodalğaları udan örtük materiallarından istifadə olunur. Stels konteynerlərin tətbiqi mümkündür. F-35-də tətbiq olunan “soyuq fyuzelaj” yeniliyi bu qırıcılarda da istifadə olunur. Böyük dərəcəli bucaq altında daha yüksək sürət nümayiş etdirir.

Taktiki-texniki xüsusiyyətləri

Ekipaj: 1 nəfərdən ibarətdir. Uzunluğu 14.93 m, hündürlüyü 4.72 m, qanad genişliyi 9.45 m, qanad sahəsi 24.4 kv.m, boş çəkisi 6,586 kq, yüklənmiş çəkisi 9,100 kq, döyüş yükü 3000 kq, maksimum qalxma ağırlığı 12,500 kq, daxili yanacaq çəni 2,350 kq, mühərrik 1 ədəd RD-93, maksimum sürət Mach 1.6 (1960 km/s), döyüş radiusu 1,352 km, uçuş tavanı 16,920 m bərabərdir.

“AFAR” radar sistemi ilə təchiz olunan təyyarə 170 km məsafədə 15 hədəfi eyni zamanda izləyə bilir. 100 km qədər məsafədə isə 4 hədəfə eyni zamanda hücum edə bilir.

Təyyarənin silahlanmasına 70-100 km mənzilə malik idarə olunan raketlər, infraqırmızı başlıqlı yaxın mənzilli raketlər, “hava-yer” tipli raketlər, radiolokasiya sistemlərinə qarşı raketlər, lazerlə idarə olunan raketlər, proqramlaşdırılmış kasetli bombalar, nüfuzedici bombalar, ümumi məqsədli bombalar, təlim bombaları daxil ola bilər.

“JF-17 Thunder” “hava-hava”, “hava-yer” raketləri, döyüş imkanları və bir çox xüsusiyyətləri ilə öz sinfindən olan digər təyyarələri üstələyir. Xüsusilə də keçmiş Sovet, hazırki Rusiya istehsalı olan təyyarələrlə müqayisədə bir çox üstünlüyə malikdir. Məsələn, analoqu hesab olunan MİQ-29 eyni zamanda 10 hədəfi 50- 70 km məsafədən izləyir və 1-2 hədəfə eyni zamanda zərbə endirə bilir. Cəmi 2 ton faydalı yük götürərək raketlərlə maksimum 60 km məsafədə olan hədəflərə zərbə endirə bilir. “JF -17 Thunder” isə 3 ton yüklə 100 km məsafədə hədəfləri məhv etmək qabiliyyətindədir. Yanacaq sərfiyyatı isə MİQ-lərdə həddindən artıq çoxdur.

Bir az keçmişə nəzər salsaq, 10-a yaxın dövlətin Sovet dövründə icad edilən, Rusiya tərəfindən satılan təyyarələrin alınması barədə müqavilələri ləğv etmələrini, Çin və Pakistan təyyarələrinə üstünlük vermələrinin şahidi olarıq. Əlbəttə, 35-40 milyon dollara qəza sayına görə liderlərdən sayılan, 30- 40 illik MİQ-29 almaqdansa 15- 23 milyon dollara yüksək götəricilərə və daha yüksək sinifə malik yeni “JF -17 Thunder” almaq daha məqsədəuyğun olar.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki