Cənubi Koreya Milli Kəşfiyyat Xidməti (NIS) Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya göndərilən təxminən 15 min Şimali Koreya əsgərindən 600-nün cəbhə xəttində öldürüldüyünü, 4100-nün isə yaralandığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Cənubi Koreya kəşfiyyatı Şimali Koreyanın Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya qoşun göndərdiyini rəsmən təsdiqlədikdən sonra Rusiyadakı Kursk cəbhəsində Şimali Koreyanın itkilərinin sayını açıqlayıb.
Milli Assambleyada keçirilən kəşfiyyat komitəsinin iclasında Cənubi Koreya kəşfiyyatının paylaşdığı son məlumatlara görə, Şimali Koreyanın Rusiyaya iki mərhələdə təxminən 15 min əsgər göndərdiyi bildirilib. Bu əsgərlərdən 600-nün Ukrayna qüvvələri tərəfindən öldürüldüyü, 4100 Şimali Koreya əsgərinin isə yaralandığı bildirilib. Bildirilib ki, ölən Şimali Koreya əsgərlərinin cəsədləri öz ölkələrinə göndərilməzdən əvvəl Kurskda yandırılıb.
Həmçinin qeyd olunub ki, Şimali Koreya qoşunları təxminən 6 ay ərzində pilotsuz uçuş aparatları (PUA) kimi müasir silahlardan istifadə edərək döyüş qabiliyyətini təkmilləşdirib. Şimali Koreya administrasiyasının gələcəkdə Moskvaya dəstək üçün daha çox hərbi gücləndirici qüvvələr təqdim edə biləcəyi vurğulanıb, lakin hələlik bundan əsər-əlamət yoxdur.
ŞİMALİ KOREYA-RUSİYA ƏMƏKDAŞLIĞI MÜXTƏLİF SAHƏLƏRDƏ İNKİŞAF EDİR
Şimali Koreyanın Rusiyadan əsgər və silah daşımaları müqabilində casus peyk buraxılış meydançası, pilotsuz uçuş aparatları, elektron müharibə avadanlığı və SA-22 tipli yer-hava raketləri aldığı qiymətləndirilib. İki ölkə arasında aviasiya, energetika və turizm də daxil olmaqla 14 sektorda sənayenin modernləşdirilməsi üçün danışıqlar aparıldığı və ümumilikdə 15 minə yaxın Şimali Koreyalı işçinin Rusiyaya göndəriləcəyi bildirilib.
Cənubi Koreya kəşfiyyatının yanvar ayında verdiyi məlumata görə, Rusiyaya göndərilən Şimali Koreya əsgərlərindən təxminən 300-ü Ukrayna qüvvələri tərəfindən öldürülüb, 2700-ü isə yaralanıb.
Şayəstə Hüseynova