Bildirilib ki, İtaliyadan deportasiya olunmağı gözləyən 40 qeyri-qanuni mühacir Albaniyada yaradılmış mərkəzlərə köçürülməyə başlayıb.
Elchi.az xəbər verir ki, İtaliyanın Albaniyada qurduğu və 2024-cü ilin oktyabrında istifadəyə verdiyi, lakin məhkəmə qərarları səbəbindən fəaliyyət göstərə bilmədiyi iki immiqrasiya mərkəzi bir az fərqli məqsədlə yenidən fəaliyyətə keçməyə hazırlaşır.
Bu çərçivədə ilk miqrant qrupunun köçürülməsi, İtaliya hökumətinin martın 28-də verdiyi fərman qanununa uyğun olaraq, təkcə Aralıq dənizində xilas edilmiş qeyri-qanuni miqrantların deyil , həm də İtaliyada məhkəmənin yekun deportasiya qərarı olan miqrantların Albaniyadakı mərkəzlərə köçürülməsini nəzərdə tutur.
İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, İtaliya donanmasına aid “Libra” patrul gəmisi Brindisi şəhərindəki immiqrasiya geri qaytarma mərkəzində saxlanılan 40 miqrantı götürmək və Albaniyadakı mərkəzlərə köçürmək üçün bu səhər yola düşüb.
İtaliyanın Albaniyadakı mübahisəli miqrant mərkəzləri
İtaliyanın Baş naziri Giorgia Meloni və Albaniyanın Baş naziri Edi Rama tərəfindən 6 noyabr 2023-cü il tarixində Romada imzalanan saziş Aralıq dənizində İtaliya təhlükəsizlik qüvvələri tərəfindən xilas edilən yetkin və sağlam kişi qeyri-qanuni miqrantların Albaniyaya köçürülməsini və sığınacaq müraciətləri araşdırılarkən orada qalmalarını nəzərdə tutur.
Bu saziş Aİ ölkələrindən qeyri-qanuni miqrantların Aİ-yə daxil olmayan digər ölkənin ərazisinə göndərilməsini tənzimləyən ilk sazişdir.
Müqavilə çərçivəsində İtaliya Albaniyanın şimal-qərbindəki Şengjin limanında ilk qəbul mərkəzi, sonrakı prosedurlar üçün obyekt və Gjader bölgəsində repatriasiya mərkəzi yaradıb.
Aralıq dənizində xilas edilən 3 müxtəlif qrup miqrant 16 oktyabr 2024-cü il, 8 noyabr 2024-cü il və 26 yanvar tarixlərində Albaniyadakı bu mərkəzlərə aparılıb, lakin Roma Məhkəməsinin fərqli əsaslandırılmış qərarları ilə hər üç qrupdakı miqrantlar İtaliyaya geri aparılıb.
Albaniyadakı mərkəzlərdən istifadə edə bilmək üçün İtaliya hökuməti martın 28-də onlara qarşı məhkəmənin yekun deportasiya qərarı olan miqrantların bu mərkəzlərə köçürülməsini nəzərdə tutan fərman qanunu verib.
Meloni hökumətinin qeyri-qanuni miqrasiyaya qarşı “çəkindirici vasitə” kimi təqdim etdiyi Albaniyadakı miqrasiya mərkəzləri müxalifət və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən sərt şəkildə tənqid edilib və onlar “İtaliyanın pulunu çölə atdıqlarını” bildiriblər.
Nuranə Məmmədova