Bu günlərdə İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin bacısı qızı Fəridə Muradxaninin Tehranda həbs olunması barədə xəbər böyük əks-səda doğurdu. Medianın açıqlamasına görə, insan haqları müdafiəçisi xanım Muradxani yanvar ayının 13-də evinə qayıdarkən İran Kəşfiyyat nazirliyinin, yəni “Ettelaat”ın əməkdaşları tərəfindən saxlanıb, eyni zamanda onun mənzilində axtarış aparılaraq, bəzi əşyaları götürülüb. Bir gün sonra Muradxani ailə üzvləri ilə telefon əlaqəsi quraraq, məşhur Evin zindanında saxlandığı barədə məlumat verib.
Fəridə Muradxaninin həbs səbəbi də olduqca ilginc və maraqlıdır. Belə ki, o, bir müddət öncə islam inqilabı nəticəsində devrilmiş İran şahı Məhəmmədrza Pəhləvinin xanımı, hazırda Parisdə yaşayan Fərəh Pəhləvinin doğum günü münasibətilə keçirilən onlayn tədbirə qatılıb. Şahbanunu yüksək sözlərlə vəsf edən Muradxani ona həsr etdiyi şeiri də oxuyub. Fərəh Pəhləvini “məmləkətin anası” adlandıran Muradxani şeirinin bir yerində belə deyib: “Bilirəm, sən gələcəksən və nuru gətirəcəksən – gecənin zülmətini yox etmək üçün”. Bununla da, İran rəhbərinin bacısı qızı islam inqilabının ölkəni qaranlığa qərq etdiyini ifadə etmiş olub.
Qeyd edək ki, Fəridə Muradxani İranda siyasi məhbusların hüquqlarının müdafiəsi və onların ailələrinə yardım edilməsi sahəsində fəaliyyət göstərir. Bu fəaliyyətinə görə o, əvvəllər də bir neçə dəfə “Ettelaat” məmurları tərəfindən sorğu-sual edilib. Lakin onun Fransada yaşayan qardaşı doktor Mahmud Muradxani verdiyi açıqlamada bacısının ilk növbədə Fərəh Pəhləvinin ad günü mərasimində iştirakı və orada etdiyi çıxışa görə həbs olunduğunu bildirib. Mahmud Muradxani bacısının və onun kimi çoxsaylı İran gənclərinin şahlıq dövrünə rəğbətinə də maraqlı izah verərək deyib ki, İslam Cumhuriyyətinin rəhbərləri Pəhləvi dönəminin gerçəkləri, o cümlədən ruhanilərə münasibət haqqında cəmiyyətə çoxlu yalanlar danışıblar. Lakin internetin imkanlarından istifadə edən İran gəncliyi şah dövrü barədə əsl həqiqətlərlə tanış olur, bu da onların həm Pəhləvi hakimiyyətinə, həm də İslam Respublikasına münasibətinin dəyişməsinə gətirib çıxarır.
Onu da deyək ki, Mahmud Muradxani özü də İran rejiminə qarşı kəskin müxalif mövqedə dayanır. Bir neçə il öncə İranda insan haqlarının pozulması ilə bağlı İran rəhbərinə açıq məktublar yazmaq kampaniyası aparıldığı zaman Mahmud Muradxani Seyid Əli Xameneyinin ailə üzvləridən biri kimi ona müraciətlə açıq məktub yazmağı özünə yaraşdırmadığını bildirərək, öz vətəninə, yəni İrana müraciətlə açıq məktub yazmışdı. Həmin məktubda o, bir vaxtlar ruhanilərə inanıb onların hakimiyyətdə möhkəmlənməsinə dəstək verdiyinə görə ölkəsindən üzr istəyərək yazırdı: “Xomeynidən tutmuş Xameneyiyə qədər İslam Cumhuriyyətinin mövhumatçı rəhbərləri elə bir mədəniyyətə və məzhəbə inanırlar ki, onda nə sənin abadlığına və yüksəlişinə yer var, nə də əhalinin rifah və rahatlığına. Onlar xudbinlik və ləzzətpərəstliklə xəyali cənnəti gözləyirlər, amma sənin əhalinə gerçək cəhənnəmi yaşadırlar”.
Əlbəttə, Fəridə və Mahmud Muradxanilərin İran rejiminə bu cür yanaşması heç də təsadüfi deyil və onların Şeyx Əli Tehrani adı ilə məşhur olan atalarının mövqeyindən qaynaqlanır. Ayətullah Xameneyinin yeganə doğma bacısı Bədri Hüseyni ilə evlənən Əli Tehrani Ayətullah Borucerdinin tələbəsi kimi dində ictihad məqamına yüksəlmiş, İslam İnqilabında fəal iştirak etmişdi. Lakin inqilabın qələbəsindən sonra Ayətullah Xomeyninin siyasəti ilə razılaşmadığına və tənqidlərinə görə o, Məşhəddə ev dustağı edildi. Həmin vaxt qaynı Əli Xameneyi də ölkə prezidenti idi. Əli Tehrani 1984-cü ildə gizli şəkildə ölkəni tərk edib İraqa getdi və Bağdad teleradiosunun fars şöbəsində İslam Cumhuriyyəti quruluşuna və onun rəhbərlərinə qarşı təbliğat aparmağa başladı. Əli Tehraninin Xalq Mücahidləri təşkilatına bağlı olduğu iddia edilsə də, o, rəsmən həmin təşkilatın üzvü olmayıb. 1985-ci ildə Əli Tehraninin həyat yoldaşı, yəni Ayətullah Xamenyinin bacısı övladları ilə birlikdə Türkiyədən keçməklə İraqa getdi. Bu hadisə o zaman böyük rezonans doğurmuş, hətta “Nyu-York Tayms” qəzetinin diqqətindən yayınmamışdı. Bu fakt Bədri xanımın qardaşının deyil, ərinin siyasi mövqeyini bölüşdüyünü aydın şəkildə göstərirdi. 1995-ci ildə İrana qayıdan Əli Tehrani dərhal həbs olundu və 20 il həbsə məhkum edildi, lakin 2005-ci ildə azadlığa çıxdı. Əli Tehrani islam inqilabının rəhbəri Ayətullah Xomeyninin ötən əsrin 60-cı illərində SAVAK qarşısında yazılı öhdəlik götürməsi barədə qalmaqallı açıqlaması ilə yadda qalıb.
1980-ci ilin əvvəllərində Ayətullah Xomeyni onun qaynı Xameneyini Tehran şəhərinin imam-cüməsi təyin etdikdən bir gün sonra Əli Tehrani inqilab rəhbərinə sərt tonda bir məktub yazaraq demişdi: “Sizin Tehrana imam-cümə təyin etdiyiniz şəxs ambisiyalı və şöhrətpərəst birisi kimi tanınır, onun nə diqqətə layiq bilikləri var, nə də möhkəm təqvaya əsaslanan keçmişi. Yaxşı olar ki, bu məsələyə yenidən baxasınız”. Qeyd edək ki, Əli Tehraninin oğlu Mahmud Muradxaninin dediyinə görə, Ayətullah Xameneyi bir müddət onun atasından dərs alıb. Yəni Əli Tehrani hər halda Xameneyinin biliyi və şəxsiyyətinə yaxşı bələd olub.
İran rəhbərinin rejimi tənqid edən qohumlarından biri də onun ögey, yəni ata bir, ana ayrı bacısı Fatimə Soltanın nəvəsi Həmidrza Foruzanfərdir. Həmidrza Xameneyi ailəsinə çox yaxın olub, onun oğulları ilə sıx təmaslar saxlayıb. Lakin 2009-cu ilin qalmaqallı prezident seçkilərindən sonra o, etirazçılarla bir sırada olduğuna görə təqiblərə məruz qalıb və ölkəni tərk edərək Fransaya mühacirət edib. Lakin burada da onu rahat buraxmayıblar. Özünün dediyinə görə, Xameneyinin oğlu Mustafa və qardaşı Məhəmməd “özünü yaxşı aparmadığı təqdirdə” onu ölümlə təhdid ediblər. Məsələn, Mustafa Xameneyi onun anasına deyib ki, Həmidrza öz mövqeyindən əl çəkməsə, Fransada avtomobil qəzasına düşə bilər. Eyni zamanda “Döyçe Velle”yə müsahibəsində Həmidrza Xameneyinin oğlu Müctəbanın 2009-cu il etirazları ilə bağlı belə bir fikrini də qeyd edir ki, deyirmiş: “Biz etirazçılarla çox yumşaq davrandıq, gərək onlara küçələrdə od vuraydıq”.
Əlbəttə, yalnız Ayətullah Xamenyinin deyil, İranın dini-siyasi rəhbərliyinə daxil olan digər şəxslərin övladları və yaxın qohumları içərisində də rejimə qarşı çıxanlar az olmayıb və bu barədə mediada yetərincə məlumatlar yayılıb. Getdikcə həm sadə vətəndaşlar, həm də siyasi elitanın nümayəndələri daha çox anlayırlar ki, bu gedişlə, Ayətullah Xameneyinin dayısı Hüseyn Mirdamadinin ona ünvanladığı açıq məktubda deyildiyi kimi, işlərin nizamı büsbütün pozula, məmləkət və millət əldən çıxa bilər.