Çin və ABŞ arasında artan iqtisadi və texnoloji rəqabətin və ticarət gərginliyinin son qurbanlarından biri ABŞ və dünyanın ən böyük internet şirkətlərindən biri olan “Google” oldu.
Elchi.az bu barədə “Bloomberg”-ə istinadən xəbər verir.
Çinin Dövlət Bazar Tənzimləmə İdarəsi, antiinhisar qaydalarını pozduğu üçün “Google”-a qarşı istintaq başladıldığını açıqladı. ABŞ prezidenti Donald Trampın Çinə tətbiq etdiyi əlavə 10 faizlik gömrük rüsumuna cavab olaraq Pekin administrasiyası tərəfindən görülən bir sıra ehtiyat tədbirləri ilə birlikdə şirkətlə bağlı araşdırma elan edilib. Google-un hansı hərəkətlərə görə araşdırıldığı ilə bağlı hələlik heç bir açıqlama verilmir.
Çində Google-a giriş yoxdur
İnternetdə ciddi məzmun nəzarətinin həyata keçirildiyi Çində Google-un axtarış sisteminə və onun əsas biznes xətti olan digər xidmətlərə giriş bloklanıb. Şirkət 2010-cu ildə Çindəki əsas fəaliyyətini dayandırsa da, hələ də xaricdə reklam satışından gəlir əldə edir. İnformasiya saytı şirkətin 2018-ci ildə Çindən əldə etdiyi gəlirin 3 milyard dollara çatdığını bildirib.
Çin hökuməti bu gün Trampın tarif artımına qarşı bir sıra tədbirlər elan edib. ABŞ-dan gətirilən bəzi məhsullara 10-15 faiz əlavə gömrük rüsumunun, kritik minerallara isə ixrac nəzarətinin tətbiq ediləcəyi bildirilib. Digər tərəfdən, ABŞ-ın hazır geyim qrupu PHV və biotexnologiya şirkəti Illumina, “Çin şirkətlərinə qarşı ayrı-seçkilik tətbiq etdikləri” üçün “etibarsız varlıq” siyahısına daxil edilib.
Nvidia-ya qarşı antiinhisar araşdırması başladılıb
Keçən il Çində ABŞ-ın çip istehsalçısı Nvidia-ya qarşı antiinhisar qaydalarını pozduğu səbəbilə araşdırma başladılıb. ABŞ-ın keçmiş prezidenti Co Baydenin çip sənayesində Çinə tətbiq etdiyi əlavə məhdudiyyətlərdən sonra başlayan istintaqın Nvidia-nın İsrailin çip dizayn şirkəti Mellanox Technologies-i satın almasının Çinin Antiinhisar Qanununu pozduğu şübhəsi ilə başladığı bildirilib. 2023-cü ildə Pekin administrasiyası ABŞ-ın yaddaş çipi istehsalçısı Micron Technologies-ə qarşı kibertəhlükəsizlik araşdırması başlatdı və araşdırma nəticəsində şirkətə kritik infrastruktur layihələrini həyata keçirən Çin şirkətlərinə çip və inteqral sxemlərin satışı qadağan edildi.
Yeganə