Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır və bu, Aİ xarici işlər nazirlərinin may ayında keçiriləcək iclasında qəbul edilə bilər.
Elchi.az “Reuters”ə istinadən xəbər verir ki , bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas deyib.
“Əlbəttə, biz kölgə donanmasını və digər elementləri özündə əks etdirən 17-ci sanksiyalar paketi üzərində işləyirik ki, bunu may ayında Aİ Şurasının gündəliyinə daxil edək”, o deyib.
Diplomat aydınlaşdırıb ki, yeni anti-Rusiya sanksiyalar paketi çərçivəsində Rusiyanın neft və təbii qaz ixracı ilə bağlı məhdudiyyətlər müzakirə olunur, lakin onların təsdiqi üçün Aİ-nin bütün 27 ölkəsinin razılığı lazımdır.
Fevralın 19-da Aİ Rusiyaya qarşı sanksiyaların 16-cı paketini təsdiqləyib. Məhdudiyyətlərin, xüsusən Rusiyadan ilkin alüminiumun idxalına qadağa qoyulmasını və 73 yeni gəminin “kölgə donanması” adlandırılan siyahıya daxil edilməsini nəzərdə tutduğu bildirilir.
Nuranə Məmmədova