İlin sonuna doğru regionda yenidən hərəkətlilik müşahidə olunur. Soçi və Brüssel görüşləri fonunda Ankara-İrəvan münasibətlərində isinmənin şahidiyik. Hər iki ölkə qarşılıqlı olaraq hava nəqliyyatını bir-birinin üzünə açmağı qərarlaşdırıb. Bundan başqa, Ermənistan və Türkiyə qarşılıqlı olaraq xüsusi nümayəndəliklər təsis ediblər. Üstəlik, ilin sonunda Sankt-Peterburqda Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün keçirilməsi planlaşdırılır.
Bəs bundan sonra nələr baş verəcək? Daha doğrusu, Ankara və Bakı İrəvanla münasibətlərinə 2022-ci ildə hansı formada əl gəzdirəcək?
Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan generalı Yücel Karauz müsahibəsində bildirib ki, Türkiyənin Ermənistanla bağlı atdığı bütün addımlar Bakı və İrəvan arasındakı böyük sülh müqaviləsinin imzalanma prosesini sürətləndirməyə hesablanıb.
– Yücel bəy, Türkiyə və Ermənistan arasındakı münasibətlərin mülayimləşməsi nədən xəbər verir?
– 10 noyabr 2020-ci ildə Ermənistanın təslim olması ilə yekunlaşan üçtərəfli bəyannamədən sonra atəşkəsin böyük sülh müqaviləsinə çevrilməsi istiqamətində həm Prezident Rəcəb Tayyib Ərdoğan, həm də cənab Prezident, Ali Baş Komandan İlham Əliyev region dövlətləri ilə yanaşı, Ermənistana da çağırış etdilər. Hər iki prezident artıq Dağlıq Qarabağ probleminin həll edildiyini, münaqişənin arxada qaldığını bildiriblər. Ölkə başçıları yeni reallıqların yarandığını, “3+3” platforması ilə bölgəyə sülh və əmin-amanlığın gəlişi, iqtisadi inkişafın yüksəlişi ilə bağlı dəfələrlə bəyanatlar səsləndiriblər. Son zamanlar Ermənistanın baş naziri Nikol Paşinyan Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün müxtəlif diplomatik üsullara, gedişlərə əl atır. Bu görüşlərin reallaşması üçün Türkiyənin şərtləri var. Ankaranın sərgilədiyi davranışlar ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında böyük sülh müqaviləsi imzalanmalıdır. Azərbaycanın haqlı mübarizəsi, beynəlxalq hüquq müstəvisində mövcud problemlər həll edildiyi təqdirdə Türkiyə də öz növbəsində Cənubi Qafqazdakı problemlərin çözülməsi istiqamətində üzərinə düşənləri yerinə yetirəcək. Ankara bunu dəfələrlə bəyan edib.
– İrəvan və Ankaranın qarşılıqlı olaraq hava məkanlarını bir-birinin üzünə açması nədən xəbər verir?
– 44 günlük Vətən müharibəsinin başladığı ilk günlərdə Qərb Türkiyəni “savaşı körükləyən və mütəmadi olaraq Azərbaycanın yanında dayanaraq qarşıdurmanı alovlandıran bir güc” kimi təqdim etməyə çalışırdı. Buna baxmayaraq, Türkiyə hüquqdan, beynəlxalq hüququn aliliyindən özgə hərəkətə yol verməyib. Brüssel görüşündən də öncə Ankara və İrəvan qarşılıqlı olaraq xüsusi nümayəndələrin hər iki ölkədə fəaliyyətə başlayacağını bəyan edib. Həmin xüsusi nümayəndələrin kimliyi də bəllidir. Onların kimliyi artıq ictimaiyyətə də təqdim olunub. Bundan əvvəl Türkiyədən Azərbaycana uçan təyyarələr ya Gürcüstan, ya da İran üzərindən istiqamət götürürdü. İndi Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, Orta Asiyaya gedən təyyarələr Ermənistan üzərindən keçməklə mənzil başına gedirlər. Ankara hər fürsətdə bildirir ki, Türkiyə Azərbaycanın “hə” deməyəcəyi, rəsmi Bakının milli maraqlarına və mənfəətlərinə xələl gətirəcək heç bir addım atmayacaq. Bu cür çağırışlardan uzaq olacaq. Bu cür halların baş verməyəcəyindən əmin ola bilərsiniz. Bu vaxta qədər belə bir şey olmayıb.
– Ermənistan Azərbaycana da danışıqlar üçün nümayəndə heyəti göndərmək istədiyini açıqladı. İndiki mərhələdə bu, mümkündürmü?
– Hazırda Ermənistanın özünə güvəni yoxdur. İndi İrəvanda siyasi qarışıqlıq hökm sürür. Ona görə də Ermənistan birbaşa Azərbaycanla təmas qura bilmir. Bu təmaslar Rusiyanın vasitəçiliyi ilə üçtərəfli formatda baş tutur. Liderlərin də təkbətək görüşləri bu format fonunda gerçəkləşdi. Bundan başqa, Ermənistan tərəfi Türkiyə ilə münasibətləri istiləşdirmək fonunda mövcud problemləri həll etməyə, öz maraqlarını və mənfəətlərini qorumağa, güzəşt ummağa çalışır. Türkiyə və Ermənistan arasında özəl təmsilçilərin təyin edilməsi Cənubi Qafqazdakı problemlərin həllində İrəvanın birbaşa Bakıya söyləyə bilmədiyi və ya Ermənistan-Azərbaycan arasındakı dialoqun daxili siyasətə yansımasının qarşısını almaq üçündür. Eyni zamanda burada İrəvanın Bakı ilə danışıqları, dialoqu davam etdirmək üçün 2 seçimi var; Birincisi, Azərbaycan-Rusiya-Ermənistan, ikincisi isə Türkiyə-Ermənistan platformasıdır. Bundan sonra da hər 2 platforma üzərindən İrəvan-Ankara, Bakı-Moskva-İrəvan platformasında porblemlərin həlli üzrə danışıqlar prosesi davam edəcək.
– Sizcə, İrəvan və Bakı böyük sülhə yaxındırmı?
– Ermənistanın daxili siyasətindəki qarışıqlıq, dumanlı vəziyyət bir qədər durulan kimi daşlar bir az yerinə oturacaq. Ermənistan 44 günlük müharibədə məğlubiyyəti qəbul etməlidir. Ermənistan məğlub bir ölkə kimi beynəlxalq hüquqa zidd davranışlarından imtina edərsə, bu problemin öz məsələsi olmadığını, Qərbin və diasporun əlində alət olaraq vəkalət müharibəsi yürütdüyünü anlayarsa, o zaman İrəvanla Bakı arasında da birbaşa dialoqlar, qarşılıqlı əlaqələr başlayacaq. Əslində, problemin tərəfləri və ən doğru platforma Ermənistanla Azərbaycanın qarşılıqlı olaraq danışıqlar masasına oturmasıdır. Hadisələrin axarını bu istiqamətə yönləndirmək lazımdır. Çünki məsələ çoxtərəfli bir müstəviyə daşındığı təqdirdə daha gendən dolanan bir yola qədəm qoya bilər. Yəni həm Rusiya, həm Brüssel platforması çərçivəsində Qərb ölkələri, həm də Ankara-İrəvan münasibətləri kontekstindən yanaşsaq da bu, belədir. Problemin həlli istiqamətində atılan müsbət addımlar İrəvan və Bakı arasında qarşılıqlı güvəni təsis edəcək. Dialoqlar və qarşılıqlı müzakirələr başlayacaq. Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqların da tezliklə başlamasına müsbət şərait yaradacaq. Bunların nəticəsində təqribən 1 il və il yarım sonra dəhlizlərin açılması istiqamətində 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının Ermənistan tərəfindən yerinə yetirilməsi baxımından bu mərhələyə nöqtə qoyula bilər. Bu, Ermənistan üçün tarixi fürsətdir. Bütün atılan addımların bölgəyə sülh və əmin-amanlıq gətirəcəyinə inanıram. Bu bölgədə sülhün əldə olunmasının beynəlxalq münasibətlər sisteminə, ümumdünya barış hərəkatına təsiri böyükdür. Bu bölgədə sülhün əldə olunması qarşıdurmaların qarşısını alacaq. Dünya düzəninə də öz töhfəsini verəcək. Buna görə də Türkiyə-Ermənistan arasındakı yaxınlaşmanın son mərhələsi iki ölkə arasındakı sərhədlərin qarşılıqlı olaraq açılmasıdır. Bunun da əsas şərti Zəngəzur dəhlizinin açılmasıdır. 10 noyabr üçtərəfli bəyanatının nəticəsində Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək böyük sülh müqaviləsini imzalamalıdır. Ermənistan Azərbaycanla böyük sülh müqaviləsini imzalayacağı təqdirdə, Türkiyə və Azərbaycan Qafqaz bölgəsinin təhlükəsizliyinə qarant olacaqlar. Təbii ki, proseslər Azərbaycanın koordinasiyası və bilgisi daxilində gerçəkləşəcək.
– Bəs Türkiyə Ermənistanla aralarındakı problemləri necə həll edəcək?
– Məncə, bu məsələləri Cənubi Qafqazın güvənliyi amilləri ilə bir müstəvidə tutmamalıyıq. Çünki bu nüans problemi daha da dalana dirəyə bilər. Ermənistanın dövlət gerbində Ağrı dağının rəsmi əks olunub. Həm də Ermənistan Türkiyədən torpaq tələb edir. “Erməni soyqırımı” məsələsi kimi amillər Ankara və İrəvan arasındakı dialoqların sonrakı mərhələsidir. Bu amillər gələcəkdə Cənubi Qafqazın təhlükəsizliyi baxımından bir şərt olaraq irəli sürülməməlidir. Çünki bu faktorlar mövcud prosesi uzada, prosesləri dalana dirəyə bilər. Son nəticədə xoş niyyətlə atılmış olan addımlar qarşılıqlı güvəni, etibarı təsis edəcək. Ermənistanla Türkiyə arasında hava nəqliyyatının qarşılıqlı olaraq açılması Azərbaycanla Ermənistan arasındakı böyük sülh müqaviləsinə gedən yolu daha da qısaldacaq. Eyni zamanda Ermənistanla Azərbaycanın birbaşa, iki müstəqil dövlət kimi başqalarının kömək və yardımına ehtiyac duymadan danışa bilmələri, müzakirə etmələri əsas şərtlərdən biridir. Türkiyənin atdığı addımlar Ermənistanla Azərbaycan arasındakı mövcud problemləri öz iradələri hesabına həll etməyə yardımçı olacaq.Publika