image-eurofighter-teyyarebackend

Türkiyənin “Eurofighter” alışı mümkün olacaqmı? – TƏHLİL

Türkiyə ilə Böyük Britaniya arasında əməkdaşlıq uzun müddətdir ki, müsbət istiqamətdə inkişaf edir. İki ölkə arasında irili-xırdalı fikir ayrılıqlarına və Böyük Britaniyanın çətin daxili siyasətinə baxmayaraq, müdafiə sahəsində əməkdaşlıq da inkişaf etməkdə davam edir.

Xüsusilə aviasiya sahəsində Milli Döyüş Təyyarəsi – “Kaan” ilə başlayan və bu gün “Eurofighter Typhoon”un alınmasını ehtiva edən inkişaflar iki ölkəni kritik nöqtədə saxlayır.

Türkiyənin təyyarə axtarışı

ABŞ-nin S-400 alışını bəhanə edərək, Türkiyəni F-35 proqramından çıxarmasından və embarqo qoymasından sonra Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) Milli Döyüş Təyyarəsi – “Kaan” kifayət qədər səviyyədə inventara daxil olana qədər keyfiyyət və kəmiyyət baxımından hər hansı bir axsamadan qaçmağa məcbur oldu. Bu baxımdan döyüş təyyarələrinin alınması ilə bağlı müxtəlif imkanlar müzakirə edilib və “Eurofighter” də bu imkanlardan biri olub.

Son aylarda mətbuat mənsubları ilə görüşən Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Türkiyənin “Eurofighter Typhoon” döyüş təyyarəsini almaq istədiyini bildirərək, bu açıqlamanı verib:

“F-16-nın tədarükü və modernləşdirilməsi prosesi davam edərkən, diqqət mərkəzində saxladığımız yeganə təyyarə çox təsirli olan və ən yaxşı alternativ olaraq gördüyümüz “Eurofighter”dir. İlk mərhələdə 20, daha sonra isə ən yüksək versiya olan 20 “Eurofighter” almaq istədiyimizi bildirdik. Daha əvvəl də qeyd etdiyimiz kimi, Britaniya və İspaniya bu tələbi müsbət qarşılayır. Bir ölkə müttəfiqliyə zidd olaraq buna qarşı çıxır. Müttəfiqlərin bir-birinə qarşı sanksiyalar tətbiq etməsini müttəfiqlik ruhuna zidd hesab edirik”.

Türkiyəyə F-16 “Block 70” döyüş təyyarələri və modernləşdirmə dəstlərinin satışının təsdiqlənməsindən sonra Türkiyənin “Eurofighter” döyüş təyyarələrinə olan tələbinin davam edib-etməyəcəyi sualı gündəmə gəlmişdi. Bu çərçivədə Türkiyə Milli Müdafiə Nazirliyinin mənbələri bildirdilər: “Tələbimiz davam edir. Konsorsium ölkələrindən olan Almaniyadan bu məsələyə müsbət yanaşma gözlənilir. Müzakirələr və araşdırmalar davam edir”.

“Eurofighter”in yeni nəsil radarı üzərində işlər davam edir

“BAE Systems” Türkiyənin tələb etdiyi “Eurofighter Typhoon” konfiqurasiyası ilə bağlı şərh verməkdən imtina edib. Şirkət geniş çeşiddə yerli silah-sursata sahib olan Türkiyənin öz sursatlarını inteqrasiya etmək imkanının olub-olmaması sualına müsbət istiqamət göstərən cavab verib.

Britaniya müdafiə nəhəngi “Typhoon”un geniş çeşiddə “hava-hava” və “hava-yer” sursat daşıma qabiliyyəti ilə rəqibsiz bir çevikliyə sahib olduğunu ifadə edərək, istifadəçi ölkələrin istəklərinə uyğun inteqrasiyaların təmin edilməsində müsbət və güclü tarixə malik olduğunu açıqlayıb.

Türkiyənin “Eurofighter Typhoon” almaq istəməsinin ən böyük səbəblərindən biri bu təyyarənin 4++ nəsil döyüş təyyarələri arasında çox yaxşı “hava-hava” (döyüşü) qabiliyyətinə malik olmasıdır. “Typhoon”un gələcəkdə sahib olması planlaşdırılan AESA tipli ERCS (Avropa Ümumi Radar Sistemi) “Mk2” radarı mövcud “Mk 0” və “Mk 1” radarlarından demək olar tamamilə fərqli olacaq.

Əvvəlki seriyalar “GaAs” modullarından istifadə etdiyi halda, “Mk2 GaAs” və “GaN” modullarını birlikdə istifadə edir. “Mk 2”nin ən böyük xüsusiyyəti eyni vaxtda geniş diapazonlu Radioelektron Mübarizəyə (REM) imkan verməsidir. F-35 döyüş təyyarələrinin də iddialı xüsusiyyəti olan radara inteqrasiya olunmuş REM sistemi “Typhoon” üçün böyük üstünlük təmin edəcək.

ERCS “Mk2”nin Türkiyəyə mümkün satışı ilə bağlı məlumat verməyən “BAE Systems” radarın builki uçuş sınaqlarının hələ başlamadığını, lakin hava döyüş mühəndisliyi mərkəzində yerüstü sınaqların davam etdiyini açıqlayıb. Şirkət həmçinin bildirib ki, Böyük Britaniyanın mövcud “Typhoon” parkına inteqrasiya 2030-cu illərə qədər tamamlanacaq.

Böyük Britaniyanın Almaniyaya qarşı münasibəti

Almaniya Türkiyəyə satışa icazə vermir. Müxtəlif KİV-lərdə Böyük Britaniyanın Almaniya olmadan da digər proqram tərəfdaşları ilə bu satışı davam etdirə biləcəyi barədə məlumatlar paylaşılıb. Almaniya səfiri Yürgen Shults bildirib: “Federal hökumət bu mövzuda son dərəcə diqqətlə hərəkət edir və çox təfərrüatlı, diqqətli bir araşdırma apardıqdan sonra qərara gəlir”. Şolts prosesin davam etdiyini qeyd edib.

“BAE Systems” rəsmiləri şirkətin digər tərəfdaşlardan müstəqil istehsalı nəzərdən keçirib-keçirmədiyi sualına cavab olaraq proqramın tərəfdaş ölkələrlə birlikdə davam etdirildiyini açıq şəkildə bildiriblər. Proqramın dörd tərəfdaş ölkənin (Almaniya, İtaliya, İspaniya və Böyük Britaniya) sənaye və siyasi gücü üzərində qurulmuş uzunmüddətli əməkdaşlıq tərəfdaşlığı olduğu vurğulanıb və dörd tərəfdaş ölkədən mükəmməl dəstək alındığı qeyd olunub.

“BAE Systems” Türkiyə aviasiyasına töhfə vermək istəyir

“BAE Systems” mənbələri “Türkiyə Milli Döyüş Təyyarəsi (Kaan) layihəsinə də töhfə verir. Türkiyə “Eurofighter Typhoon” döyüş təyyarələrini almağa davam edərsə, “BAE Systems”in Türkiyənin hərbi aviasiya sektorundakı rolunu necə şərh etməliyik?” sualına belə cavab veriblər:

“Kaan” təyyarəsinin ilkin dizaynını və konsepsiyasının hazırlanmasını dəstəkləməkdən məmnunuq. Şirkətimiz Böyük Britaniyanın əsas hava döyüş sistemləri sektorunu təmsil edir. “BAE Systems” olaraq bizim əsas səriştələrin, bacarıqların, texnologiyanın ötürülməsi və yerli tədarük zəncirinin dəstəklənməsi üzrə onilliklər boyu təcrübəmiz var. Biz Türkiyənin yerli aviasiya sənayesini inkişaf etdirmək ambisiyalarını tanıyırıq və Türkiyə sənayesi ilə uzunmüddətli tərəfdaşlığın bir hissəsi olaraq avionika, mühəndislik, qabaqcıl istehsal və dəstək kimi sahələrdə təcrübəmizdən istifadə edə biləcəyimizə inanırıq”.

Ordu.az

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki