Bildirilib ki, katoliklərin ruhani lideri və Vatikan dövlətinin başçısı Roma Papası Fransisk dünənki bronxospazm tutmasından və bunun nəticəsində tənəffüsünün pisləşməsindən sonra gecəni sakit keçirib və daha bir hücum keçirməyib, lakin vəziyyətin mürəkkəbliyi davam edir.
Elchi.az xəbər verir ki, Vatikan mənbələri fevral ayının əvvəlində ağır bronxit səbəbiylə 16 gündür Romadakı Gemelli xəstəxanasında müalicə alan və ikitərəfli pnevmoniya diaqnozu qoyulan 88 yaşlı Papanın sağlamlıq durumu ilə bağlı bəzi məlumatları mətbuatla paylaşıb.
Dünənki bronxospazm tutmasından sonra Papanın gecəni sakit keçirdiyi və dincəldiyi, dünənki hücumdan sonra bir daha tutması olmadığı və qızdırmasının olmadığı bildirilib.
Bildirilib ki, həkimlər xəstəliyin gedişi ilə bağlı ehtiyatlı yanaşmalarını davam etdirirlər.
İtaliya mətbuatı da Papanın sağlamlıq vəziyyətinin mürəkkəb olaraq qaldığını yazıb.
Vatikan dünən axşam verdiyi açıqlamada Papanın bronxospazm böhranı səbəbiylə bronxoaspirasiyaya məruz qaldığını və tənəffüs sisteminin əsas funksiyası olan qaz mübadiləsini (kifayət qədər oksigen qəbul etmək və karbon qazını lazımi şəkildə çıxarmaq) təmin etmək üçün mexaniki ventilyasiyaya başlandığını və müalicəyə müsbət cavab alındığını qeyd edib.
Şayəstə Hüseynova