“Hamımız yaxşı görürük ki, son zamanlar separatçı dəstə yaman fəallaşıb. 44 günlük Zəfər savaşımızdan sonra səsləri-soraqları bir neçə ay gəlməyən zir-zibillər indi davamlı şəkildə hansısa tədbirlər keçirir, bəyanatlar verir, hətta qondarma qurumda hərbi vəzifələr tutan ünsürlərə yüksək rütbələr verilməsi ilə bağlı da guya fərman-sərəncamlar imzalayırlar. Bu isə o deməkdir ki, onlara öz fəaliyyətlərini yavaş-yavaş genişləndirmək üçün lazım olan tapşırıqlar verilib”.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bu fikirləri açıqlamasında söylədi. Ekspertin sözlərinə görə, Qarabağdakı separatçılar sırf İrəvandan və Moskvadan verilən tapşırıqlar əsasında əvvəlki vaxtlarda çıxartdıqları oyunları təkrarlamağa başlıyıblar: “Hesab edirəm ki, Azərbaycan tərəfi də rəsmi olaraq Rusiya sülhməramlıların müvəqqəti nəzarəti altında baş verənlərə görə ciddi şəkildə xəbərdarlıq edilməlidir. Onların qarşısında qəti olaraq tələb irəli sürülməlidir ki, əgər separatçılar bundan sonra da sülhməramlıların gözü qarşısında hər hansı özbaşınalıqlara yol verəcəklərsə, biz addımlar atmağa məcbur olacağıq!”
Ü.Cəfərovun sözlərinə görə, eyni zamanda bizim hüquq-mühafizə orqanları da çalışmalıdırlar ki, bu yaramaz arayiklərdən, david babayanlardan hər hansı birisini tutub gətirsinlər: “Bunun özü də separatçılar üçün ciddi dərs olar. Necə ki, Ukraynanın Donbas və Luqansk ərazilərində ilk illər fəallıq göstərən neçə separatçl Zaxarçenko, Qirkin kimi yaramazlar indi biri cəhənnəmdə, digəri axtarışdadır və separatçılar çıxılmaz vəziyyətdədirlər”. Polkovnik əmindir ki, erməni separatçıların son vaxtlar aktivləşməsi sıradan adi bir məsələ sayılmamalıdır: “Biz susduqca, hər şeyi zamanın öhdəsinə buraxdıqca, istər-istəməz onlar həm öz separatçı hərəkətləri ilə əsəblərimizlə oynayır, həm də artıq tarixin zibilliyinə atılmış qondarma qurumun guya ayaq üstə olması görüntüsünü yaratmağa çalışırlar. Ona görə də, nə qədər proseslər dərinləşməyib, qəti addımlar və tələblər irəli sürməyin də zamanıdır”.
Ermənişünas alim, professor Qafar Çaxmaqlının fikrincə, Azərbaycan Rusiya sülhməramlıları ilə münasibətləri elə qurmalıdır ki, belə separatçı hərəkətlər minimuma endirilsin: “İşğaldan azad olunmamış ərazilərdə ermənilərin separatçı hərəkətləri davam edəcək. Onların qanunsuz fəaliyyətlərinin qarşısını ruslar almayacaq. Azərbaycan tələb etməlidir ki, həmin cinayətkar ünsürləri zərərsizləşdirmək üçün Rusiya sülhməramlıları Azərbaycana mane olmasın. Yoxsa onlar burada möhkəmlənəcək, arxalarına da digər ölkələri alacaqlar. İsti- isti həmin separatçıları tutub Azərbaycana təhvil verilməsinə çalışmaq lazımdır. Beynəlxalq axtarışda olan şəxsləri ruslar hansı gərəkçə ilə qoruya bilərlər? Öncə qanunsuz silahlıların çıxarılmasına nail olmaq lazımdır”.
Q.Çaxmaqlı hesab edir ki, əgər Rusiya 10 noyabr sazişinə əməl etmirsə, onların burada qalmaq məsələsi qaldırılmalıdır: “Azərbaycan Qarabağın bu hissəsində suveren haqlarının bərpası istiqamətdə qərarlı addımlar ata bilər. Bunun üçün əlimizdə yetərli imkanlar da var”.Musavat.com