image-272886315_4939460722742067_2715824240265964080_nbackend

RUHUN ŞAD OLSUN, AKİF ƏMİ…

“…Güc birlikdədir”
Tarix elmləri doktoru, professor Süleyman Əliyarov yoldaşa…
1966-cı il yanvarın 8-də Azərbaycanın tarixi yer adlarının qorunub saxlanması, Gəncə şəhərinin tarixi adının özünə qaytarılması ilə bağlı mərhum professor Süleyman Əliyarlının “Ədəbiyyat və İncəsənət” qəzetində açıq məktubu dərc edilmişdi. “Redaksiyaya məktub” adı ilə dərc olunmuş bu yazı həmin dövrdə respublikada böyük səs-küyə səbəb olmuşdu. Kirovun ölümündən bir il sonra onun adına verilmiş qədim Azərbaycan şəhərinin tarixi adının bərpa edilməsi ilə bağlı mətbuatda açıq məktubla çıxış etmək gənc bir tarixçidən böyük cəsarət tələb edirdi. Müəllif yazırdı: “Gəncə qədim şəhərdir (şəhərin əsası təqribən, 945-ci ildə qoyulmuşdur) və Azərbaycan xalqının zəngin tarixinin canlı abidəsidir… Öz-özünə aydındır ki, bu qədim şəhərin min illik adının dəyişdirilməsi 30-cu illərdə həmin sahədə hökm sürən inzibatçılığın acı nəticələrindən biridir”. Məktubun yazılmasında məqsəd yalnız Gəncədən ibarət deyildi. Orada bütövlükdə Azərbaycan ərazisində türk toponimlərinin qorunub saxlanmasından söhbət gedirdi. Süleynan müəllim yazırdı: “Bir Abşerondakı yer adlarına nəzər salın: “Türkan”, “Zığ”…”Mərdəkan”, “Kurqan” və i.a. Bu adlarda Azərbaycanın qədim sakinləri türk, ziq, mard və kirqan… tayfalarının izləri hifz olunmuşdur.Bunlardan bəziləri haqqında Strabon, Pliniy, Ptolomey kimi antik müəlliflər məlumat vermişlər. Buna görə də “Zığ”, “Korgöz”, “Xırt”, “Halit”, “Əhmədli”…kimi kənd adlarını yalnız zahiri donlarına görə atmaq olmaz, onların hər biri özünəməxsus bir tarixdir”. Rəhmətlik Əlfi Qasımövun fədakarlığı nəticəsində gözlənilməz şəkildə “Ədəbiyyat və İncəsənət” qəzetində dərc olunmuş bu yazı ilə bağlı redaksiyaya yüzlərlə müxtəlif məzmunlu müraciətlər daxil olmuşdu. Bunlardan ən əhəmiyyətlisi tanınmış şair Qasım Qasımzadənin başçılığı ilə dörd nəfər ziyalının həmin qəzetdə dərc olunmuş məktubları idi. Onlar Gəncənin adının bərpası ilə bağlı Süleyman müəllimin təşəbbüsünü müdafiə edirdilər. Hətta 1966-cı ilin mart ayının 30-da Türkiyədə çıxan “Yeni İstiqlal” qəzeti onu azərbaycanlı aydının ruslaşdırmaya qarşı mübarizəsi xüsusi xəbər kimi Türkiyədə yayılmışdı. “Sovetlərin türk köylərini tarixi bağlardan qoparmaq üçün girişdikləri kompaniya” adlı yazıda bildirilirdi: “Diqqətlə oxununca azərbaycanlı türk dosentin əndişələri, üzüntüləri çox yaxşı anlaşmaqda, kommunistlərin türk köylərini ismlərinə varıncaya qədər necə ruslaşdırmaq istədikləri, fəqət bu durumu türkləri nə qədər mütəəssir etdigi də görünməkdədir”.

XX-ci yüzilliyin 80-ci illərinin sonunda Qarabağa qarşı erməni təcavüzü başlarkən mərhum professor Süleyman Əliyarlı mücadilənin önündə gedən alimlərimizdən idi. Hadisələr başlayan zaman Süleyman müəllimin Bəxtiyar Vahabzadə ilə birlikdə 1988-ci ildə “Azərbaycan” jurnalının 9-cu sayında dərc etdirdikləri “Dağlıq Qarabağ- uydurmalar və həqiqətlər” yazısı bir sıra xarici ölkələrdə nəşr olundu. Bu yazının əhəmiyyətini Almaniyadan Əhməd Şmide belə dəyərləndirirdi: “Professor Əliyarlının Bəxtiyar Vahabzadə ilə birlikdə nəşr etdirdikləri yazı tarixi dəlilləri sərgilədiyindən sözlü bir güllə kimi Almaniyada govğa göstərisi yapan belli ağızları “tut yemiş bülbül kimi” susdurmuşdu”.

Bu məktuba ölkə daxilində dəstək verənlər o qədər çox olmasa da, cəsarətli, vətənpərvər insanlarımızın dəstəyi də aşkar hiss olunurdu. Süleyman müəllimə dəstək məktublarından biri bu yaxınlarda mənim əlimə keçdi. Oxuduqca oxudum, fərəhləndim, qürur duydum, fəxr elədim. Bu məktub Laçından ünvanlanmışdı. Özünü vətənpərvər elan edən, yurdsevər göstərən bəzi “bülbül”lərin susduğu halda, Laçın rayon Daxili İşlər Şöbəsinin Rəis müavini, milis kapitanı Səlimov Akif İsmayıl oğlu belə bir məktub ünvanlamışdı.

“… Mən həyatda tez-tez rast gəlmişəm ki, erməni görəndə ki, azərbaycanlı gəlir, deyir ki, “tork yeqala”, yəni türk gəlir. Əgər bu xalq bizi türk adlandırırsa, bizi əsl adımızla tanıyırsa, nə üçün biz 1930-cu ilin rəhbər və alimlərinin səhvini bilə-bilə yaşadırıq”?
Akif müəllimin bu məktubu, eləcə də müraciət xarakterli bu məktubda müəllifin ürək yanğısı ilə yazdığı sözlər dəqiq ünvanı göstərən bir yoldur, istiqamətdir. “Türk sözü pöhrəli bir ağacdır, Türkdilli xalqlar isə bu ağacın budaqları. Türk və Azərbaycan xalqları isə kökə ən yaxın budaqlardır”.

Eyni zamanda, bu dəyərli məktubda Güney Azərbaycan məsələsinə də yer ayırılmışdır. Azərbaycan alimlərinə haqlı suallar ünvanlanmışdır. “… Gəlin etiraf edək, müqabil tərəf Cənubi Azərbaycanı tanıyırmı, bilirmi ki, orada 18-20 milyon azərbaycanlı yaşayır?” “Şəhriyarı, Səhəndi, Behrəngini çoxlu azərbaycanlı tanıyır… Şəhriyarın dahiliyi ancaq “Heydərbabaya salam” poeması ilə böyük oxucu kütləsinə çatarmı? Şəhriyarın fars dilində olan yaradıcılığını kim və nə vaxt dilimizə çevirəcək?”

Etiraf edək ki, o dövr üçün- Sovetlər birliyinin çox təhlükəli bir dövrü üçün belə bir məktubla müraciət etmək heç də asan məsələ deyildi, hətta təhlükəli idi. Hələ bu müraciətin müəllifi bir rayonun Daxili İşlər Şöbəsinin Rəis Müavini idisə bu təhlükə daha çox artırdı.
Laçın rayon Daxili İşlər Şöbəsinin Rəis müavini, milis kapitanı Səlimov Akif İsmayıl oğlunun əldə etdiyimiz məktubu bu fikirlə tamamlanır- Güc birlikdədir.

Arif Gürşad oğlu İbrahimov.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki