“Təyyarə qəzaları, həm qəza iştirakçılarına, həm də yaxınlarını itirən şəxslərə və hətta dolayısı ilə hadisəni eşidən və ya izləyən insanlara təsir edə bilir”.
Bu fikirləri Elchi.az – a açıqlamasında
EDA Terapiya Psixologiya Mərkəzinin Psixoloqu Ayşən Bayramova deyib.
Onun sözlərinə görə təsirin xarakteri və uzunmüddətli olub-olmaması bir çox faktordan asılıdır: “Travmanın dərinliyi və təsir müddəti insandan-insana dəyişir. Təyyarə qəzalarının insan psixologiyasına təsir müddəti həm qısamüddətli, həm də uzunmüddətli ola bilər. Təyyarə qəzalarından sağ çıxanlar və ya bu hadisəni yaşayan yaxınları Posttravmatik stress pozuntusu (PTSP) inkişaf etdirə bilərlər. Bu hal özünü tez-tez baş verən kabuslar, hadisəni daim xatırladan flashbacklər, təyyarə və ya uçuşa dair hər hansı bir şeydən qorxu və çəkinmə və qaçınma hallarının yaranması ilə özünü göstərə bilir.
Bundan başqa təyyarə qəzası keçirmiş şəxslər uçmaqdan ciddi şəkildə qorxmağa başlaya bilər (aviaphobia). Hətta dolaylı təsir alan insanlarda belə bu fobiya inkişaf edə bilər.
Qəzada yaxınlarını itirən şəxslərdə dərin hüzn, günahkarlıq hissi və ya həyatın mənasız olduğuna dair düşüncələr meydana çıxa bilərki bu da, zamanla depressiyanın meydana gəlməsi ilə nəticələnə bilər”.
A. Bayramova onu da qeyd edir ki, ümumilikdə travmatik yaşantının təsirləri uzun müddət davam etdikdə, şəxsin gündəlik həyatına, münasibətlərinə və iş qabiliyyətinə neqativ təsir edərək, həyat keyfiyyətini aşağı sala bilir: “Bu cür hallarda sosial dəstək, travmatik yaşantıya məruz qalmış şəxs üçün olduqca vacibdir. Güvənli və sağlam qurulmuş bağlar, travmatik hadisədən sonrakı potensial mental sağlamlıq problemlərinin qarşısını almaqda mühüm rol oynayır.
Travmatik hadisədən sonra verilən emosional dəstək, Posttravmatik stress pozuntusu yaranma riskini azalda bilir.
Həmçinin sosial dəstək, psixotetapevtik müdaxilənin də effektivliyini artıran faktorlardandır.
Təyyarə qəzaları ciddi psixoloji problemlərə səbəb ola bilsə də, insanlar uyğun terapiya və dəstək vasitəsilə həyat keyfiyyətini bərpa etmək mümkün ola bilməkdədir”.