Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin, habelə Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə sammitə hazırlıq gedir, amma hələlik dəqiq razılaşma yoxdur. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə belə deyib.
“Putin, Əliyev və Paşinyanın videokonfrans sammiti mövzusunu izah edirəm. Doğrudan da biz təsdiq etmişik ki, belə görüşə hazırlıq üzərində iş gedir, amma burada biz qeyd etmək istəyirik: hələlik dəqiq razılaşma və belə sammitin nə zaman baş tuta biləcəyi barədə anlaşma yoxdur. Bu iş davam edir”,-Peskov bildirib.
Bundan əvvəl Əliyev, Putin və Paşinyan arasında videokonfrans formatında üçtərəfli görüşün noyabrın 9-da, yaxud 10-da baş tutacağı açıqlanmışdı. Ermənistanın baş naziri Paşinyan isə daha sonra bildirmişdi ki, hələlik belə görüş haqda heç bir razılaşma yoxdur.