Afrika qitəsinin ən sıx məskunlaşdığı Nigeriyada bu il vəba xəstəliyindən 34 nəfərin öldüyü bildirilir.
Elchi.az xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) məlumat yayıb.
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru Jide İdris jurnalistlərə bildirib ki, bu dövrdə 1307 vəba hadisəsi qeydə alınıb və epidemiya səbəbiylə 34 nəfər həyatını itirib.
“Hazırda 2,6 faiz olan ölüm halları bizim hədəfimiz olan 1 faizdən xeyli yüksəkdir. Bu, qəbuledilməzdir və qarşısı alına bilər”, – İdris deyib.
Ölkədəki sel təhlükəsi olan ərazilərin təmiz su və lazımi gigiyena vasitələrinin olmaması səbəbindən vəba riski daşıdığını qeyd edən İdris, dövlət orqanlarını fövqəladə hallara hazırlıq planlarını aktivləşdirməyə və məlumatları gizlətməməyə çağırıb.
“Milli fövqəladə vəziyyət” elan edildi
Nigeriyada 26 iyun 2024-cü ildə vəba epidemiyası səbəbindən “milli fövqəladə vəziyyət” elan edildi.
“Vibrio” bakteriyasının törətdiyi və qida və su ilə yoluxan vəba xəstəliyi ishala və beləliklə də orqanizmdə susuzluğa səbəb olur. Xəstəlik müalicə olunmazsa ölümcül ola bilər.
Nigeriyada təmiz suyun olmaması ilə yanaşı, effektiv tibbi müdaxilənin olmaması xəstəlik və ölüm riskini artırır. Ölkədə malyariya, poliomielit, tif və M pox virusu kimi epidemiya xəstəliklərə də tez-tez rast gəlinir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Nigeriya Afrika qitəsində vəba xəstəliyindən ən çox təsirlənən ölkələr sırasındadır.
Nuranə Məmmədova