İslandiyanın baş naziri Kristrun Frostadottir ölkənin 2027-ci ilə qədər Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı referendum keçirməyi planlaşdırdığını açıqlayıb.
Elchi.az xəbər verir ki, qərar qlobal təhlükəsizlikdəki dəyişikliklərlə, xüsusən də Ukraynadakı müharibə və ABŞ-ın Arktikadakı sərt siyasəti, o cümlədən Donald Trampın Qrenlandiyanın mümkün ilhaqı ilə bağlı şərhləri ilə bağlıdır.
Sorğulara görə, islandiyalıların demək olar ki, üçdə ikisi referendumun keçirilməsini, 45 faizi isə Aİ-yə qoşulmağı dəstəkləyir. İslandiya artıq Şengen zonasının və Avropa İqtisadi Birliyinin bir hissəsidir və Aİ ilə müsbət əməkdaşlıq təcrübəsinə malikdir.
Bununla belə, baş nazir etiraf edir ki, hazırkı müzakirələr təkcə Aİ üzvlüyünün potensial faydaları ilə deyil, həm də ABŞ-ın Qrenlandiyaya təhdidləri ilə bağlı narahatlıqlardan qaynaqlanır. Qrenlandiya kimi, İslandiya da əvvəllər Danimarka ərazisi idi və yalnız 1944-cü ildə müstəqil oldu.
“Biz tamamilə Arktika xalqıyıq. Arktika bizim evimizdir. Bizim üçün bu, təkcə beynəlxalq münasibətlərdə anlayış deyil. Bu, bizim yaşayış yerimizdir. Qrenlandiyalılarla çox sıx əlaqələrimiz var. Ona görə də baş verənlər böyük narahatlıq doğurur”, – deyə Frostadottir “Euronews”a bildirib.
Baş nazir ümid edir ki, ABŞ-ın Qrenlandiyaya marağı və Rusiyanın hərəkətləri nəticəsində yaranan gərginlik tezliklə səngiyəcək: “Mən istəmirəm ki, Aİ-yə üzvlüklə bağlı söhbətlər qorxuya əsaslansın”.
Bununla belə, təhlükəsizlik məsələləri İslandiyanın Avropa İttifaqı ilə yaxınlaşması üçün mühüm motiv olaraq qalır.
Yeganə