Prezident Rəcəb Tayyib Ərdoğan, “Ən böyük arzumuz Suriya xalqının qanuni tələblərinə uyğun bir razılaşma ilə Suriyanın ərazi bütövlüyünü qorumaq və qeyri-sabitliyə son qoymaqdır”, – deyib.
Elchi.az xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Monteneqro prezidenti Jakov Milatoviç ilə birgə mətbuat konfransında danışıb.
Prezident Ərdoğanın açıqlamalarında diqqət çəkən məqamlar belədir:
“Bu il Türkiyə ilə Monteneqro arasında diplomatik əlaqələrin 145-ci ildönümüdür. Ortaq tariximizdə güclü siyasi, iqtisadi və mədəni əsaslara malik olan Monteneqro ilə hərtərəfli əməkdaşlığımız var. Əziz dostumun bu ilk səfəri əlaqələrimizin bir əlamətidir. Bizim görüşümüzdə ikitərəfli münasibətlərimizi hərtərəfli müzakirə etdik.
Qarşıdakı dövrdə atacağımız addımları dəyərləndirdik və əlaqələrimiz üçün institusional çərçivə təmin etmək üçün yüksək səviyyəli strategiya şurası yaratmağa qərar verdik.
Biz regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi apardıq. Biz Balkanlarda sabitliyə verdiyimiz əhəmiyyəti təsdiqlədik. Fürsətdən istifadə edərək bir daha vurğulamaq istərdim ki, Türkiyə olaraq biz dini və etnik mozaika olan Balkanlarda sülhün, firavanlığın və sabitliyin dəstəklənməsinə böyük əhəmiyyət veririk.
Zəngin mədəni və etnik faktura ilə Monteneqro Balkanlarda tolerantlıq və birgəyaşayış mədəniyyətini nümunə göstərən bir ölkə kimi görünür.
2021-ci ildə Monteneqroya səfərim zamanı biz ikitərəfli ticarət həcmimizi 250 milyon dollara çatdırmağı qarşımıza məqsəd qoymuşuq. COVID pandemiyasına, Ukraynadakı müharibəyə və qlobal iqtisadi çətinliklərə baxmayaraq, biz bu məqsədə çatmağa çox yaxınıq.
Biz bu hədəfi daha da yüksəltmək üçün hörmətli prezidentlə razılaşdıq. Müqavilə sahəsində şirkətlərimiz Monteneqroda təxminən 500 milyon dollar dəyərində 62 layihəni uğurla başa çatdırıblar.
Şirkətlərimiz xüsusilə infrastruktur, tikinti və xidmət sektorlarına maraqlarını davam etdirirlər. Bu marağın nəticəsi olaraq 2023 və 2024-cü illərdə Monteneqroya birbaşa investisiyalarımızda rekord artım oldu.
Bu münasibətlə hörmətli dostum Prezident Milatoviçə iş adamlarımıza göstərdikləri dəstəyə görə millətim adından təşəkkür etmək istəyirəm.
Hörmətli mətbuat nümayəndələri, Monteneqro ilə insani və mədəni əlaqələrimiz, eləcə də iqtisadi əlaqələrimiz sürətlə inkişaf edir. Monteneqroda yaşayan 25 min vətəndaşımızla yanaşı, ölkəmizdə 150 mindən çox Monteneqro əsilli vətəndaşımız var.
Aviaşirkətimiz Türk Hava Yollarının rəhbərliyi altında çoxsaylı uçuşları ilə Monteneqronu bütün dünyaya bağlayır və şübhəsiz ki, bu uçuşlar bizim aramızda olan turizm əlaqələrinə mühüm töhfə verir.
TİKA-nın bərpa, təhsil və sağlamlıq layihələri, Yunus Əmrə İnstitutunun Mədəniyyət və İncəsənət fəaliyyətləri də əlaqələrimizin mühüm istiqamətlərindəndir.
Bu günə qədər TİKA Monteneqroda ümumi dəyəri 30 milyon dolları keçən 500-dən çox layihə və fəaliyyət həyata keçirib. Yunus Əmrə Türk Mədəniyyət Mərkəzimiz yarandığı gündən 2500-dən çox tələbəyə türkcə təhsil verib.
“Suriyanın ərazi bütövlüyünü qorumaq bizim ən böyük arzumuzdur”
Son bir neçə gündə qonşumuz Suriyada birdən-birə baş verən hadisələri çox diqqətlə izləyirik.
Türkiyə olaraq bölgəmizdə dünən olduğu kimi yanğının söndürülməsi üçün əlimizdən gələni etməyə hazırıq.
Ölkəmizin milli təhlükəsizlik prioritetləri çərçivəsində prosesləri yerindəcə anbaan izləyir və hər hansı fərqli hərəkətin qarşısını almaq üçün bütün tədbirləri görürük.
Suriya xalqının qanuni tələblərinə uyğun razılaşma ilə Suriyanın ərazi bütövlüyünü qorumaq və qeyri-sabitliyə son qoymaq ən böyük arzumuzdur”.
Nuranə Məmmədova