Rok musiqiçisi Ozzy Osbourne-nin həyat yoldaşı Şeron ifaçının mütərəqqi Parkinson xəstəliyi səbəbindən artıq yeriyə bilmədiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, o , bu barədə “The Sun” qəzetinə müsahibəsində danışıb.
Şeronun sözlərinə görə, 2025-ci ilin iyul ayına planlaşdırılan Black Sabbath konserti səhhəti ilə əlaqədar Osburnun karyerasında sonuncu olacaq. Sənətçinin həyat yoldaşı əlavə edib ki, özü də səhnəyə qayıtdığı üçün xoşbəxtdir.
“Parkinson xəstəliyi ilə vəziyyəti sabitləşdirmək mümkün deyil. Amma Ozzinin səsi həmişəki kimi gözəldir”, – deyə Şeron bildirib.
76 yaşlı Osborn da vəziyyətini şərh edib: “2025-ci ilə qədər yaşadım. Mən yeriyə bilmirəm, amma bütün şikayətlərimə baxmayaraq hələ də yaşayıram. Həyatıma baxıram və başa düşürəm ki, bir çox insanlar mənim bacardıqlarımın yarısını belə edə bilməyiblər”.
Bundan əvvəl məlum olmuşdu ki, Britaniyanın kült rok qrupu Black Sabbath 20 ildən sonra ilk dəfə olaraq qrupun yarandığı şəhər olan Birmingemdə konsert vermək üçün orijinal tərkibdə çıxış edəcək.
Nuranə Məmmədova