Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığının 6-cı Zirvə Görüşündə ŞT ölkələri və Avropa İttifaqına üzv ölkələrin qəbul etdiyi birgə bəyannamədə bütün tərəfdaş ölkələrinin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə öz dəstəyini ifadə edilir.
Şərq Tərəfdaşlığı regionunda mehriban qonşuluq münasibətlərinə, etimad quruculuğu tədbirlərinə, regional əməkdaşlığa, nəqliyyat əlaqələrinin gücləndirilməsinə dəstək ifadə olunur. Bunlar Azərbaycanın post-münaqışə gündəliyinə uyğundur.
Bundan başqa, birgə bəyannamədə bütün ölkələrin peyvəndlərdən bərabər səviyyədə istifadə etməsinin vacibliyi qeyd olunur. Bununla da Aİ faktiki olaraq Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyevin “peyvənd millətçiliyi”nə qarşı mövqeyinə dəstəyini ifadə edib.
Sənəddə Cənub Qaz Dəhlizi layihəsinin başa çatması alqışlanır və qeyd olunur ki, Cənub Qaz Dəhlizi Avropaya qaz mənbələrinin və marşrutunun şaxələndirilməsidir. Beləliklə, Avropa İttifaqı Azərbaycanın dəstəyi ilə ərsəyə gəlmiş qlobal layihəyə də öz dəstəyini ifadə etmiş oldu.