Uzun illər davam edən mübahisələrdən sonra Böyük Britaniya böyük ABŞ-Britaniya hərbi bazasının yerləşdiyi Hind okeanında yerləşən Çaqos arxipelaqı üzərində suverenliyi Mavrikiyaya verəcək.
Elchi.az bu barədə “Sky News”a istinadən xəbər verir.
Britaniya səlahiyyətliləri, razılaşmanın “keçmişin səhvlərini düzəltməyə” kömək edəcəyini və arxipelaq xalqına dəstək göstərəcəyini bildiriblər.
Bu addım ABŞ prezidenti Co Bayden tərəfindən də müsbət qarşılanıb.
“Bu, diplomatiya və əməkdaşlıq vasitəsilə ölkələrin uzun illərdir mövcud olan tarixi problemlərin öhdəsindən gələ biləcəyinin və sülh yolu ilə və qarşılıqlı faydalı həllə nail ola biləcəyinin əyani sübutudur”, – prezident bildirib.
O qeyd edib ki, Dieqo Qarsiya bazası “milli, regional və qlobal təhlükəsizlikdə əsas rol oynayır” və ABŞ bu hərbi qurğu ilə bağlı məsələlərdə Mavrikiy və Böyük Britaniya ilə əməkdaşlığı davam etdirəcək.
Nuranə Məmmədova