14:53
Zərdabda 18 yaşlı qız vəfat edib.
Elchi.az Modern.az-a istinadla xəbər verir ki, hadisə Zərdab Rayon Mərkəzi Xəstəxanasında baş verib.
Rayonun Qoruqbağı kənd sakininin ötən gün keçirdiyi əməliyyatdan sonra dünyasını dəyişdiyi bildirilir.
***
Zərdab Rayon Mərkəzi Xəstəxanasında qızın əməliyyatdan sonra dünyasını dəyişməsi ilə bağlı bəzi detallar məlum olub.
Oxu.az-ın əldə etdiyi məlumata görə, Aytən Ramil qızı Qarayeva kor bağırsaqdan əməliyyat edilib.
“Gecə sancısı tutub, əməliyyata qaldırılıb. Əvvəl hər şey yaxşı olub, narkozdan ayılıb. Sonra qəfildən halı pisləşib və dünyasını dəyişib”, – deyə məlumatda bildirilir.
Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlanıb.
***
TƏBİB Zərdabda 19 yaşlı qızın əməliyyatdan sonra ölümünün ilkin səbəbini açıqlayıb.
TƏBİB-dən bildirilib ki, sentyabrın 4-ü saat 17:00 radələrində 2005-ci il təvəllüdlü şəxs (qadın) Zərdab Rayon Mərkəzi Xəstəxanasına muraciət edib.
“Diaqnostik və labarotor müayinələr aparıldıqdan sonra, xəstəyə laparoskopik appendektomiya əməliyyatı icra olunub”, – qurumdan bildirilib.
Qeyd olunub ki, daha sonra xəstə qənaətbəxş vəziyyətdə Cərrahiyyə şöbəsinə köçürülüb:
“Bu zaman onun hemodinamik göstəriciləri norma daxilində olub. Bu gün səhər saat 07:00-da xəstənin vəziyyəti anidən ağırlaşdığından dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan reanimasiyon tədbirlərə və həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb”.