Ukrayna prezidenti Vladimir Zelenski Avropa ölkələrini Rusiyanın mümkün hücumu təhlükəsinə qarşı birgə ordu yaratmağa çağırıb. NATO-nun genişlənməsinə Putinin təsiri ilə mane olduğunu iddia edən Zelenski, Putinin bu gün NATO-da ən “effektiv” şəxs kimi göründüyünü söylədi.
Elchi.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Almaniyanın Münhen şəhərində Münhen Təhlükəsizlik Konfransı (MSC 2025) çərçivəsində iştirak etdiyi paneldə çıxış edib.
Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün mümkün danışıqlara toxunan Zelenski Ukraynanın təhlükəsizliyinin bütün Avropa üçün vacib olduğunu vurğulayıb.
Zelenski əvvəlcə ABŞ prezidenti Donald Trampla görüşmək və danışıqların ümumi həlli üzərində razılaşmaq istədiyini, lakin bundan sonra Rusiya prezidenti Vladimir Putinlə görüşə biləcəyini deyib.
Ölkəsinin gələcəyini Avropada gördüyünü ifadə edən Zelenski qeyd edib ki, Avropa da danışıqlar masası arxasında olmalıdır.
Zelenski Ukrayna tərəfinin danışıqların tərkib hissəsi kimi qəbul etmədiyi heç bir məsələni tanımayacaqlarını bildirib.
Şayəstə Hüseynova