Xəbər verdiyimiz kimi, iki gün öncə Xocavənd rayonunun Çərktar kəndində yaşayan erməni Seyran Sarkisyan rayonun Qurusu deyilən məntəqəsi yaxınlığında yerləşən hərbi postumuza hücum edib. Alp.az Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, həmin şəxs əsgərimizə hücum edərək, onun silahını əlindən almaq istəyib.
Lakin onun bu cəhdinin qarşısı alınıb və zərəsizləşdirilib. Əsgərimiz özünü müdafiə məqsədi ilə atəş açaraq, təxribatçı ermənini öldürüb.
Rusiya mətbuat xəbər verir ki, hadisədən sonra əraziyə gələn rus sülhməramlıları araşdırma aparıblar. Məlum olub ki, erməni təxribatçını zərərsizləşdirən şəxs Azərbaycan Ordusunun əsgəri Davud Qabil oğlu Rəhimzadədir. Rus sülhməramlıları onunla söhbət edib, hadisə barədə danışıblar. Rəhimzadə bildirib ki, Seyran Sarkisyan ona hücum edərək, silahını əlindən almağa çalışıb. O da hərbi postu qoruduğunu və təxribatın qarşısını almaq üçün əvvəlcə xəbərdarlıq atəşi açıb. Lakin təxribatçı ona hücum edəndə onu vurmaq məcburiyyətində qalıb.
Alp.az yenə də rus mediasına istinadən xəbər verir ki, Qarabağda müvəqqəti yerləşmiş rus sülhməramlıları hadisənin araşdırılması məqsədi ilə Azərbaycan tərəfinə yazılı müraciət ediblər. Müraciətə əsasən Azərbaycan tərəfi Davud Rəhimzadə barəsində cinayət işi açıb və hazırda Füzuli Hərbi Prokurorluğunda bununla bağlı istintaq aparılır.
Bildirək ki, Azərbaycan tərəfi məsələ ilə bağlı hələ də heç bir rəsmi açıqlama verməyib. Bu məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkədə status paylaşıb. Hərbi ekspert əsgərimizə cinayət işi açılmasını təsdiq edib:
“Müharibə bitəndən sonra “Niyə ermənini əsir götürürük” və ya “ən yaxşı erməni ölü ermənidir” yazan dostlar, indi Siz sıravi Rəhimzadə Davud Qabil oğluna kömək edə biləcəksinizmi? Əsgərimizi bu əmələ təhrik olunmasında sizin də rolunuz az deyil. Buyurun onu xilas etmək üçün təkliflərinizi səsləndirin.”