Qazaxıstan parlamentinin deputatı Məhərrəm Məhərrəmov ölkədə cinsiyyət dəyişdirmə əməliyyatlarının qadağan olunmasını təklif edib.
Elchi.az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, o, hökumətə müvafiq sorğu göndərərək qanunvericiliyə dəyişiklik olunanadək bu cür cərrahi müdaxilələrin dayandırılmasını tələb edib.
Deputat Baş nazirin müavini Serik Jumanqarinə müraciətində ənənəvi ailə dəyərlərinin qorunub saxlanmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Qazaxıstan Prezidenti dəfələrlə milli mədəniyyətə yad olan ideyaların təbliğinin yolverilməz olduğunu bildirib.
M.Məhərrəmov xatırladıb ki, “Xalqın sağlamlığı və səhiyyə sistemi haqqında” Məcəlləyə əsasən, Qazaxıstanda 21 yaşına çatmış və gender disforiyası olan şəxslərə cinsiyyəti dəyişdirməyə icazə verilir. Lakin onun fikrincə, belə əməliyyatların zəruriliyi əlavə müzakirə tələb edir.
Bundan əvvəl Milli Məclisin deputatları 2024-cü ilin aprelində LGBT-nin təbliğinə qadağa qoyan “Kütləvi informasiya vasitələri haqqında” qanun layihəsinə düzəlişlər olunmasını təklif etmişdilər.